Paytaxtın əzablı yolu – Afiyəddin Cəlilovdakı “cəhənnəm”

Bakının ən çox sıxlıq olan küçələrindən biri də Afiyəddin Cəlilovdur. Günün erkən vaxtlarından axşam saatlarına kimi burada maşın siqnalından qulaq tutulur. Afiyəddin Cəlilovla Yusif Səfərov küçələrinin kəsişməsindəki işıqfor vəziyyəti daha da gərginləşdirir. Y.Səfərov küçəsinin hər iki istiqamətində hərəkət üçün işıqforun intervalı 1 dəqiqədən çox olduğu halda, A.Cəlilovdakı işıqforun intervalı cəmi 20 saniyədir. Bu da sözügedən küçədə sutkanın əksər saatlarında sıxlığın yaranmasına səbəb olur. Vəziyyətin nisbətən qaydaya salınması üçün dəfələrlə təklif verilsə də nəticə olmur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Globalinfo.az-a bildirilib ki, sözügedən küçədə sıxlığın əsas səbəbi avtomobillərin çox olmasıdır:

 

“Həmin küçədə nəqliyyatın hərəkəti intensivdir. Hərəkətin tənzimlənməsi və daha uzunmüddətli sıxlıqların və tıxacın yaranmaması üçün növbəlilik prinsipi ilə əraziyə yol patrul xidməti əməkdaşlarını cəlb edirik. Təəssüf ki, Afiyəddin Cəlilovla yanaşı Bakının Yusif Səfərov, Babək prospekti, “Şamaxinka” adlanan ərazisində, bir sözlə, mərkəzdə və nəqliyyat dəhlizləri üzərində vəziyyət oxşardır. Həmin ərazilərdə əməkdaşlarımız nizamlayıcı funksiyanı həyata keçirirlər. Yəni bu problem sadəcə bir küçəni əhatə etmir, ümumi nəqliyyat axını ilə bağlıdır”.

Qurumdan bildirilib ki, gün ərzində paytaxtda hərəkət edən avtomobil sayı kifayət qədər çoxdur:

“Respublika ərazisində 1 milyon 700 minə yaxın nəqliyyat vasitəsi qeydə alınıb. Bu vasitələrin təxminən 70%-ə qədəri hər gün aktiv olaraq paytaxtda hərəkət edir. Gün ərzində Bakıya gəlib-gedən minlərlə avtomobili və tranziti də əlavə etsək, nəqliyyat axını kifayət qədər gərginləşir, yəni gün ərzində paytaxt ərazisində 1 milyona yaxın nəqliyyat vasitəsi idarə olunur. Bu gərginlik əsasən, şəhərin Səbail, Nəsimi, Nərimanov, Yasamal kimi mərkəzi, müəyyən qədər də Xətai, Nizami və Sabunçu kimi kənar rayonlarında hiss olunur. İctimai iaşə obyektlərinin, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə tıxac daha çox yaşanır ki burda da səbəb aydındır. Afiyəddin Cəlilov da şəhərin mərkəzi istiqamətinə dəhliz rolunu oynayan küçələrdəndir.

Qeyd edilən yollarda avtomobil sayının çox olmasının yaratdığı sıxlıq səbəbi ilə əməkdaşlarımızı o ərazilərə gündəlik hərəkətin təmin olunması üçün cəlb etmişik. Real hərəkət sıxlığı da var ki, bu da başa düşüləndir. Həmçinin kütləvi tədbirlərin keçirildiyi zaman da sıxlıq müşahidə olunur. Günün pik saatları hesab edilən 08:00-10:00 və 17:00-20:00 arası da xüsusi sıxlıqla müşahidə edilir”.

 

Eldəniz Cəfərov

Nəqliyyat eksperti Eldəniz Cəfərov da Globalinfo.az-a açıqlamasında nəqliyyat sistemində çox sayda ciddi problemin olduğunu qeyd edib:

“Bakı şəhərində avtomobil tıxaclarının yaranmasının müxtəlif subyektiv və obyektiv səbəbləri var. Burada əsas səbəb avtomobil sayının çox olması, yol ötürücülüyünün isə az olmasıdır. Belə böyük şəhərlərdə sıxlıq probleminin yaşanması normal haldır. Sadəcə çalışmaq lazımdır ki, bu sıxlıq tıxaca çevrilməsin. Təəssüf ki, burada müəyyən əməli işlər düzgün yerinə yetirilməyib. Məsələn, yollar çəkilərkən, xətlənərkən, işıqforlar yerləşdirilərkən bütün detallar nəzərə alınmır. Bakı şəhərində avtomobil sayı günü-gündən artır. Buna səbəb isə ictimai nəqliyyatda vəziyyətin çox pis olmasıdır.
Hazırda bizdə ictimai nəqliyyat sadəcə avtobus və metrodan ibarətdir. Tramvay, trolleybus kimi nəqliyyat vasitələri yoxdur. Marşruta buraxılan avtobusların sayı isə kifayət qədər azdır. Vətəndaşlar dayanacaqlarda saatlarla avtobus gözləməli olurlar. Nəticədə insanlar çıxış yolu kimi 5-10 min manat kredit götürüb sınıq-salxaq, köhnə avtomobil alırlar. Belə olan halda taksi xidmətlərinə tələb artır və bu da nəqliyyatda avtomobilləşməni sürətləndirir”.

Ekspert park sistemində özbaşınalıqların olduğunu bildirib:

“Paytaxtda park yerlərinin təşkil edilməməsi, bu sahədə mövcud olan özbaşınalıq da tıxac amilinə təsir edən səbəblərdəndir. Vətəndaşlar avtomobillərini park yerində deyil, yolun ortasında saxlayırlar. Bu da nəqliyyatın hərəkətinə mane olur. Həmçinin bizim məsuliyyətsiz və təcrübəsiz sürücülərimiz var. Təəssüf ki, bu gün ölkəmizdə sürücülük qabiliyyətliliyi çox zəifdir. Bu işin tədrisinin aparıldığı məktəblərdə və kurslarda məsələyə dırnaqarası baxılır. Bakıda məsələ ilə bağlı vəziyyət nisbətən normal olsa da, bölgələrdə vəziyyət ümumiyyətlə ürəkaçan deyil”.

Ayşən Mustafa
Glıobalinfo.az