Paşinyanı yalnız bu üsulla devirmək mümkündür – Zurabyan

“Hakimiyyət dəyişikliyinə nail olmaq üçün xalq çox ciddi alternativ görməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.

O bildirib ki, əgər müxalifətin arzuladığı nəticə Paşinyanın istefasıdırsa, buna nail olmaq hərəkatın üzərinə götürdüyündən daha çox iş görülməlidir.

“Bunun üçün ilk növbədə böyük etimad doğuran siyasi qüvvənin liderlik ideyası lazımdır. Yəni, Nikol Paşinyandan daha çox xalq tərəfindən qəbul ediləcək bir qüvvə yaratmaq lazımdır. Çünki Paşinyan artıq xalqımız tərəfindən qəbul edilmir. Bunu İrəvandakı seçkilər, sorğular, eləcə də onun getdikcə daha çox diktator üsullarına və təzyiqlərə əl atması sübut edir. Üstəlik, əgər lazım gələrsə, Paşinyan seçkini saxtalaşdırmağa da cəhd edəcək. Onlar onsuz da hər addımda demokratiyanın mahiyyətini pozurlar”, – deyə Zurabyan bildirib.

Zurabyan hesab edir ki, hakimiyyət dəyişikliyinə nail olmaq üçün xalq çox ciddi alternativ görməlidir.

“Bu, çox ciddi siyasi düşüncə ehtiva edən mesaj deməkdir. Erməni xalqı Paşinyanın nəyi səhv etdiyini, alternativin nə olduğunu başa düşməlidir. O, həm də etibar edəcəyi liderin strateji hesablamalar aparmaq və balanslaşdırılmış siyasət yürütmək qabiliyyətini görməlidir. Nikol Paşinyan hakimiyyətinə qarşı yalnız ciddi proqram təqdim etməklə və cəmiyyətin ən dərin təbəqələrini ələ keçirməklə hərəkət etmək olar”, – Zurabyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az