Paşinyandan hərbi HƏDƏ – “Heç olmadığı qədər qırıcı uçur” nə deməkdir?

pasinyan helikopter 1

Ermənistanın Baş naziri Nikol Paşinyan son çıxışında ölkənin mövqeyinin əvvəlkindən qat-qat güclü olduğunu və nüfuzunun artdığını bildirib. Baş nazir bütün bu vəziyyətin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addımlar atılmasından qaynaqlandığını vurğulayıb.

Paşinyan Qarabağı itirmədiklərini, onun yerinə Ermənistanı qazandıqlarını söyləyib. O, həmçinin İranın üzərində heç vaxt olmadığı qədər çox sayda qırıcıların uçduğunu deyib.

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, Paşinyanın “Qarabağı yox, Ermənistanı qazandıq” deməsi reallığı əks etdirən və daxili auditoriyaya ünvanlanmış psixoloji və strateji mesajdır:

“Bu mesaj həmçinin ona qarşı irəli sürülən ittihamlara cavab vermək cəhdidir. Mesajın məğzi ondan ibarətdir ki, müharibədəki məğlubiyyət Ermənistana öz dövlətçiliyini, sabitliyini və beynəlxalq əlaqələrini möhkəmlətməyə kömək etdi. Paşinyanın İranın üzərində raket deyil, təyyarələrin uçması ilə bağlı fikri də maraqlıdır. Ola bilər, bununla Ermənistan cəmiyyətinə göstərmək istəyir ki, əsas müttəfiqlərimizdən İran öz hava məkanına hakim ola bilmir, orada İsrail təyyarələri uçur. Yəni Ermənistan bu gün tək qalıb. Bunun üçün də qonşuları Azərbaycan və Türkiyə ilə anlaşmağa məhkumdur.

veli elibeyov
Vəli Əlibəyov

Bu mesajların Paşinyanın Türkiyəyə rəsmi səfərindən əvvəl səslənməsi də dediklərimizi təsdiqləyir. Paşinyan başa düşür ki, Türkiyə ilə münasibətlərin inkişafı üçün Zəngəzur dəhlizi ilə bağlı güzəştlərə getməlidir. Alen Simonyanın “dəhliz yox, yol olacaq” bəyanatı da Ermənistan cəmiyyətinə bunun “yol” kimi təqdim etmək cəhdlərindən xəbər verir. Yəni indidən Ermənistan cəmiyyətini hazırlayırlar: suverenlik şərtilə yolun açılmasına prinsipial razılıq, amma “dəhliz” terminindən imtina.

Bu, Türkiyənin təkid etdiyi kommunikasiya xətlərinin açılması ideyasına yaxınlaşmaq cəhdidir.

Paşinyan İstanbulda ikən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İrəvana dəvət edəcəyini bildirib. Ərdoğanın səfəri baş tutsa, bu, illər sonra ilk olacaq.

Ümumiyyətlə, Paşinyanın bəyanatları və səfəri göstərir ki, Ermənistan rəhbərliyi daxildə təzyiqlər olsa belə, regionda konstruktiv oyunçu rolunu oynamaq istəyir”.

Turan Rzayev
Globalinfo.az