Paşinyan təslim olmağa hazırlaşır? – Bakıdan son təlimat: “Bunu etməsəniz…”

Ermənistan hökumətinin konstitusiya dəyişikliyinə gedib-getməyəcəyi hələ dəqiq bəlli deyil. Hazırda Bakı ilə İrəvanın arasında aparılan əsas müzakirə bu mövzudadır.

Ermənistan konstitusiya dəyişikliyindən maksimum yayınmağa çalışır. Azərbaycan isə bu olmadan, sülh sazişinin imzalanmayacağını dəfələrlə bildirib. Son olaraq Prezident İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu zamanı deyib ki, danışıqlar prosesi kifayət qədər sürətli irəliləyir. Ölkə başçısı bildirib ki, sülh müqaviləsinin imzalanması Ermənistanın konstitusiyaya dəyişiklik edəcəyi təqdirdə baş tutacaq.

Bəs Bakının israrı Nikol Paşinyanı təslim olmağa vadar edəcəkmi?

Mövzunu Globalinfo.az-a şərh edən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı ABŞ başda olmaqla, Qərb dairələrinin Ermənistan üzərindən nəyəsə nail ola bilməyəcəklərini düşünür. Onun sözlərinə görə, Ermənistanın müstəqil şəkildə mahnı sifariş verib oynamaq imkanı yoxdur:

“Kim hansı sifarişi verirsə, o mahnıya da oynayır. Amma indiki vaxtda düşünmürəm ki, Paşinyan iqtidarı Amerikanın istəyini həyata keçirsin. Çünki hələ də Ermənistan Cənubi Qafqazda Rusiyanın forpostu sayılır və ərazisində 102-ci rus hərbi bazası yerləşir. Belə bir şəraitdə təbii ki, Kreml hansı tapşırığı verəcəksə, onu həyata keçirməyə məcbur qalacaqlar. Şimal qonşumuz nə istəyir? Cənubi Qafqazda söz sahibi yalnız özü olsun. Heç bir qüvvənin bu regionda təsir gücünün artmasına Putin Rusiyası imkan verməyəcək. Təkcə burada Amerikadan söhbət getmir. Bir faktı qeyd edək ki, Ermənistanın “böyük bacısı” Fransa indiyə qədər Cənubi Qafqazda nə edə bilib? Özü də rəsmi İrəvana bu qədər yaxın ola-ola. Sadəcə, sözdə ermənilərə təskinlik verirlər. Rusiya bu dəqiqə əsas diqqətini Ukrayna cəbhəsinə yönəldib. Onun üçün bir az erməni hökuməti xam xəyallara düşüb. Əvvəlki dövrlərinə qayıdacaqlar. Yəni Qərbdən üz döndərəcəklər”.


Cavanşir Abbaslı

Siyasi şərhçi burada həm də əsas söz sahiblərindən birinin Azərbaycan olduğunu diqqətə çatdırıb:

“Azərbaycan Ordusu 44 günlük savaşda Qarabağ salnaməsini yazıb, Xankəndini belə azad edib. Hərb meydanında qazandığımız uğurları diplomatik masaya daşımaqdayıq. Artıq deyərdim ki, bu prosesdə son mərhələdir. Hazırda Rusiya-Azərbaycan münasibətləri özünün ən yüksək mərhələsini yaşayır. Belə bir şəraitdə rəsmi Bakı qısa zamanda sülh müqaviləsinin əldə olunması üçün bütün imkanlarını işə salacaq. Burada təbii ki, qardaş Türkiyənin yanımızda olması faktorunu da diqqətdən qaçırmamalıyıq. Paşinyan çoxdan “ağ bayraq” qaldırıb. 10 noyabr 2020-ci il tarixli kapitulyasiya sənədinə imza atmaqla Ermənistan diz çöküb. Sadəcə, erməni baş nazirə daxildəki revanşist qüvvələr, Qarabağ klanı və xaricdəki erməni diasporası imkan vermir. Bu baxımdan ortaya atılan tezisi tam inkar etmək də olmaz. Əmin olun ki, Paşinyana qalsaydı, indi sülh müqaviləsi çoxdan əldə olunmuşdu. Amma bu dirənişin də ömrü o qədər də uzaq deyil. “Bıçaq sümüyə dirənib”. Erməni əhalisinin tam əksəriyyəti də sülh müqaviləsinin əldə olunmasını istəyirlər. Çünki Qarabağ münaqişəsinin onlara ancaq və ancaq bu illər ərzində problemlər yaşatdığını artıq qəbullanıblar. Təbii ki, bu qəbullanmada son 4 ildə Paşinyanın daxildə yürütdüyü siyasət də az rol oynamayıb”.

Zaira Akifqızı
Globalinfo.az