“Parlamentdə tək qalmağımızın səbəbi budur ki…” – Qüdrət Həsənquliyev

“Yalnız öz seçicilərim tərəfindən yox, Azərbaycanın hər yerindən insanlar mənə müracət edir, pozulmuş hüquqlarının bərpa olunmasına kömək etməyimi istəyirlər. Hər bir ərizəni şəxsən oxuyuram, müvafiq dövlət orqanlarına yönləndirirəm, məmurlar telefona cavab verdikləri halda onlarla danışıb hər kəsə kömək etməyə çalışıram”.

Globalinfo.az xəbər verir ki, bunu ƏHD partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Bildirib ki, parlamentdə olan insanlara o nöqteyi-nəzərdən qiymət verilməməlidir ki, o, neçə seçicisinin pozulmuş hüququnu bərpa edib, yaxud neçə binanın qarşısına işıq lampası asdırıb, neçə xarici səfərə gedib, neçə insanın işə düzəlməsinə, hansısa problemlərinin həllinə kömək edib və s.

“Bunlar da önəmlidir, amma millət vəkilinin əsas işi, Prezidentin 6-cı çağırış Milli Məclisin açılış mərasimində qeyd etdiyi kimi, qanunvericiliyin təkmilləşdirilməsi olmalıdır və bu fəaliyyətinə görə onun işinə qiymət verilməlidir. Milli Məclis qanunverici orqandır, orda elə insanlar olmalıdır ki, parlamentə müzakirə olunmaq (təsdiq) üçün göndərilən qanun layihələrinə hansısa dəyişiklik etmək, yaxud Konstitusiyaya ziddirsə və ya insanların maraqlarına cavab vermirsə, onların qəbulundan imtina etmək imkanı olsun” – deputat söyləyib.

Q.Həsənquliyev parlamentdə deputat fraksiyalarının olmasını, alternativ məruzələrin səslənməsini eşitmək istədiyini deyib. Həmçinin bildirib ki, Milli Məclisdə qanunlarda boşluqları görən və bu barədə danışa bilən deputatlar olmalıdır:

“Onlar xarici təzyiqlərdən, böhtanlardan, təhqirlərdən bir sözlə, mənəvi terrordan çəkinməyib, milli maraqlardan çıxış etməyi bacarmalıdırlar. İqtisadi inkişafı ləngidən, inhisarçılığa yol açan normaların ləğvi və belə normaların qəbul olunmasının qarşısının alınmasına çalışmalıdır millət vəkili. Deputat qanunların müzakirəsində yaxından iştirak etməli, təkliflərlə çıxış etməlidir. Bu yolla dövlətə və seçiciyə xidmət etmək lazımdır”.

Q.Həsənquliyev söyləyib ki, müxalifət iqtidarın uğurlarını qeyd etməklə yanaşı, alternativləri də göstərməlidir. Onun sözlərinə görə, nöqsanların nədən qaynaqlanması deyilmirsə, həll yolları göstərilmirsə, yalnız tənqidi çıxışlar olursa, bu, əhalinin diqqətini məsələnin mahiyyətindən yayındırır:

“Bizi partiya kimi fərqləndirən də məhz bu cəhətdir. Milli Məclisdə ciddi məsələlərin müzakirəsi zamanı tək qalmağımızın da əsl səbəbi budur. Ümid edirəm, 7-ci çağırış Milli Məclis xalqımız və dövlətimiz üçün daha uğurlu olar”.

Q.Həsənquliyev AXCP-nin seçkiləri boykota çağırmasına da münasibət bildirib:

“Bu, onların seçimidir. Bir dəfə Şuşa işğaldan azad olunanda partiya sədrinin İlham Əliyevi təbrik etməsi istisna olmaqla, bu partiyanın rəhbərliyinin Elçibəyin dünyasını dəyişməsindən sonra bir düzgün qərar qəbul etdiyinin şahidi olmamışam. Boykot ən azından onların özlərini göstərmək istədikləri radikal davranışa uyğun gəlmir. Onlar evdə oturub regional vəziyyətin, qonşuluqdakı ölkələrdə hakimiyyətlərin dəyişməsini və bunun nəticəsi olaraq böyük güclərin Azərbaycanda hakimiyyəti dəyişib onları kukla kimi hakimiyyətdə oturtmalarını gözləyirlər”.

Globalinfo.az