Orta Dəhliz: Rusiyadan və Ermənistandan yan keçən bu koridor haqda mühüm bilgilər

Son günlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) termini ətrafında müzakirələr gedir.

ADA Universitetində Orta Dəhlizə həsr olunan məlum konfransda Prezident İlham Əliyev geniş nitqlə çıxış edib.

Tez-tez gündəmə gələn Orta Dəhliz haqda nə bilirik?

İqtisadçı Eldəniz Əmirov Globalinfo.az-a bildirib ki, Orta dəhliz Şərq-Qərb dəhlizinin bir variantıdır:

“Yuxarı, aşağı və orta dəhlizlər var. Yuxarı dəhlizin marşrutu Çindən Rusiyaya, Xəzər dənizi ilə Azərbaycana, Gürcüstana, Türkiyəyə və Qara dəniz vasitəsilə Avropaya uzanır.

Orta dəhlizdə Rusiya artıq kənarda qalır. Bu, Çindən birbaşa Qazaxıstana gəlir, oradan Xəzər dənizi vasitəsilə Azərbaycana, Gürcüstana, Türkiyəyə, Qara dəniz və oradan Avropaya gedən marşrutdur. Orta dəhliz Çin məhsullarının Avropaya daşınmasında əsas prioritet olaraq perspektivli bir marşrutdur”.

Ekspert qeyd edib ki, Şərq-Qərb dəhlizi birmənalı olaraq Azərbaycandan ötür:

“Sadəcə olaraq Orta dəhliz onun Qazaxıstandan keçən hissəsidir ki, bu da bilavasitə Bakı beynəlxalq ticarət limanının aktuallığını artırır və bu limanın perspektivdə daha da genişləndirilməsini bir zərurətə çevirir.

Təbii ki, bu logistik mərkəzlərin Azərbaycandan keçməsi birbaşa dividentlər səviyyəsində ölkəyə gəlir gətirmiş olur, eyni zamanda bu dəhlizin kənarları boyunca yeni iqtisadi sahələrin yaradılması imkanlarını ortaya qoyur, müəyyən səviyyədə məşğulluğun təmin olunmasına xidmət göstərir”.

E.Əmirov bildirib ki, Ermənistan bütün regional layihələrdən kənarda qaldığı kimi, bu layihədən də kənarda qalır, çünki Qazaxıstandan Xəzər vasitəsilə Azərbaycana keçən bu marşrut Ermənistan deyil, Gürcüstan üzərindən Türkiyəyə keçmiş olur:

“Rusiyanın isə bu sahədə də itkiləri var. Çinin bir logistik assosiasiyasında 1500 logistik şirkət birləşib. Hər bir logistik şirkətdə yüzlərlə şirkət birləşir. Yəni 1500 logistik şirkət onminlərlə ixrac yönümlü şirkətlərin birləşməsi deməkdir. Həmin assosiasiya Rusiya üzərindən Avropaya mal ixracını müharibə başlayan kimi artıq dayandırıb. Və bu ixracın böyük hissəsini Azərbaycan üzərindən həyata keçirməkdədir. Rusiya logistik imkanlarını artıq itirib və bu proses düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi bitməyənə, Rusiya təcavüzkar mövqeyindən əl çəkməyənə kimi uzun müddət belə qalacaq. Rusiya hər sahədə olduğu kimi,  iqtisadi sahədə də itirə-itirə gedəcək”.

Gülnar Səlimova
Globalinfo.az