Nəşi tapılan əsgərin müəllimindən təsirli paylaşım: “Zəng edib deyirdi ki…”

“Cəmi iki il sənin sinif rəhbərin və müəllimin oldum. Amma bu qısa zamanda səninlə dostlaşa, doğmalaşa bildik. Allah sənə rəhmət eləsin, sevimli və dəyərli şagirdim”.

Globalinfo.az xəbər verir ki, bu sözləri 9 iyunda itkin düşən və dünən nəşi tapılan əsgər Ceyhun Hüseynovun müəllimi Leyla Fətiyeva yazıb.

“Hər zaman məsləhətə zəng vururdun: “Müəllim, sizcə, necə edim? Necə olsun, alınarmı? “Bu imtahanı necə verəcəm” deyə məsləhət alırdın. Kaş yenə səndən zəng gələrdi, vəfalı şagirdim. Kaş…”, – L.Fətiyeva yazıb.

Qeyd edək ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi dünən səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib. O, Ordubad rayonunun Gənzə kəndinə dəfn olunub.

Zaira Akifqızı
Globalinfo.az