Naxçıvanın Muxtar Respublika statusu ləğv edilə bilər – proses başlayıb…

Hazırda sosial şəbəkələrin Azərbaycan seqmentində Naxçıvanın Muxtar Respublika statusunun ləğvi ilə bağlı çoxsaylı iddialar irəli sürülür. Əsas arqument kimi isə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin  (DTX) ləğv edilərək DTX-nin Naxçıvan Baş İdarəsinin yaradılması göstərilir. Bir çoxları Azərbaycanın tərkibində ayrıca respublikanın olmasına ehtiyac qalmadığını bildirir.

Maraqlıdır, Naxçıvanın Muxtar Respublika statusunun ləğvi gözləniləndirmi? İndiki məqamda buna ehtiyac varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən ReAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib ki, unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur:

“Naxçıvanın Muxtar Respublika statusu ləğv edilməlidir, lakin hazırda bunun hüquqi bazası yoxdur. Belə bir addımı atmaq üçün ilk növbədə Konstitusiya islahatlarına ehtiyac var. Çünki Yeni Konstitusiyada bir çox məsələlərlə yanaşı, ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməlidir. Belə ki,  yaradılmış 14 iqtisadi rayon Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla, inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, Böyük Şəhər Bələdiyyələri və seçkili Mer institutu təsis edilməlidir. Bu həm də Xankəndində yaşayan erməni əsilli azərbaycanlıların ölkəyə siyasi-iqtisadi-inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olmaqla yanaşı, ölkənin tamamında da sistem islahatlarına, idarəetmənin təkmi̇lləşdi̇ri̇lməsi̇nə nəhayət ki, start verilmiş olacaq”.

Politoloq Turab Rzayevin sözlərinə görə isə Naxçıvanın Muxtar Respublikası statusunun ləğvindən danışmaq üçün hələ çox tezdir:

“Söhbət hazırda muxtar respublikanın güc strukturlarının təmərküzləşməsindən gedir. Yəni Naxçıvanın bütün güc strukturları tədricən Bakıya tabe olacaq. Bu günə qədər bu sadəcə Müdafiə Nazirliyi səviyyəsində belə idi. Lakin bütün strukturların ləğv edilib Bakıya tabe ediləcəyini, xüsusilə də muxtar respublika statusunun ləğv ediləcəyini düşünmürəm”.

Politoloqun fikrincə, bu məsələ hazırda aktual deyil:

“Birincisi, Zəngəzur dəhlizi hələlik açılmayıb. Dəhliz açılsa belə, infrastrukturun bərpası və əlaqənin təmin edilməsi bir neçə il müddət tələb edir.

İkincisi, Naxçıvanın statusu təkcə onun blokada vəziyyətində olması ilə əlaqədar deyil. Muxtar respublika statusu Qars müqaviləsi ilə təsdiq edilib. Statusun özü müzakirə edilə bilər, lakin bütövlükdə bu müqaviləyə görə birbaşa ləğv edilə bilməz.

Üçüncüsü, hazırda həssas bir dövrdən keçirik. Söhbət İran ilə münasibətlərdə yaşanan soyuqluqdan gedir. İranın axırıncı Araz çayı sahilində başlatdığı təlimlərdə Araz çayını keçməsi imitasiyası əslində Naxçıvana bir təhdiddir. Rəsmi Tehran Naxçıvanı özü üçün rahat hədəf olaraq görür.

Nəticə etibarilə Naxçıvanın muxtar respublika statusunun ləğvi gələcəkdə mümkündür, lakin hazırda bu bizə heç nə qazandırmayacaq”.

Turan Rzayev, Globalinfo.az