Müxalifət pərt və mat vəziyyətdə – Xankəndi, Xocalı bəhanəsi bitdi…

Son günlər sosial şəbəkələrdə Azərbaycan polisinin, habelə silahlı qüvvələrinin Xankəndi, Xocalı, Xocavənd və nəzarətə götürülən digər ərazilərdə olmasına dair foto və videolar paylaşılır. Bu, cəmiyyətdə müsbət əhval, o cümlədən böyük inam yaradıb. Paralel olaraq bəzi müxalifət partiyalarının rəhbər şəxsləri, üzvləri əsassız arqumentlər irəli sürürlər.

Həmin arqumentlərdən biri budur ki, niyə Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycan bayrağı dalğalanmır? Buna baxmayaraq, istər ötən gün, istərsə də bu gün Xankəndidə Azərbaycan bayrağının dalğalanacağına dair iddialar səslənir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, daxili siyasətdə özlərini Prezident İlham Əliyevə rəqib görənlər sürətlə uduzurlar:

Aqşin Kərimov

“Hazırkı proses faktiki olaraq Azərbaycan dövlətinin Qarabağda suverenliyini təmin etməsi və separatçıların cəzalanması ilə yekunlaşdı.

İlham Əliyevin uzaqgörən siyasəti və apardığı dəqiq strateji həmlələri güclər arasında Azərbaycan dövlətinin manevr sahəsini genişləndirdi.

Müxalifətin “niyə filan yerdə bayraq yoxdur”, “niyə bu olmur” iddiaları çox primitiv və naşıdır. Dövlət də onların qışqırığına şərait yaradır, sonda isə həmin radikalların dediklərinin və ya proqnozlaşdırdıqlarının əksi olan mənzərə yaranır. Keçən il müxalifətin “əbədiyaşar liderinin” düşdüyü rəzil durumlar da yaddan çıxmayıb.

Nəticə etibarilə İlham Əliyev əldə edilən nəticələrlə çaşdırır, təəccübləndirir. Özünü “ana müxalifət” adlandıranlar mat vəziyyətinə düşür, pərt olur və cəmiyyətin onlara olan-qalan inamı da sarsılır. Bu, qarşıdan gələn prezident seçkilərində müxalifətə inam indeksini sürətlə üzüaşağı salacaq”.

Turan Rzayev
Globalinfo.az