“Azərbaycanda yoxdur” deyilən xəritə tapıldı – FOTO

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildə nəşr etdiyi “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” (Seismoprognosıs observations in the territory of Azerbaijan) elmi jurnalının 5-ci cildinin 20-ci sayının 2-ci buraxılışında ölkəmizin ərazisində zəlzələ intensivliyi bölgələrinin xəritəsi dərc olunub.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, 1991-ci ildə hazırlanan xəritə T.Y.Məmmədli və R.B.Muradovun “Taxtakörpü” su anbarının yerinin seysmik təhlükə səviyyəsinin ehtimal qiymətləndirilməsi” adlı məqaləsində yer alıb ( səh. 11-19).

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında ölkəmizin müasir tələblərə cavab verən seysmoloji xəritəsinin olmadığını deyib. Yetirmişli ən son belə xəritənin 1957-ci ildə tərtib edildiyini, yeni xəritənin hazırlanması üçün Fövqəladə Hallar Nazirliyi ilə birlikdə işlərin aparıldığını bildirib.