balaeli

Meyxanaçı Balaəli verilişdə deyib ki, ali təhsil almaq qismət olmayıb, amma dekan işləyə bilər. Onun bu sözləri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Neçə gündür mediada və sosial şəbəkələrdə bu mövzu müzakirə edilir.

Mövzunu Globalinfo.az-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, meyxanaçının dekan olmasında heç bir məhdudiyyət yoxdur.

O bildirib ki, bir çoxu meyxanaçını qınasa da, qüvvədə olan qaydalar ali təhsili olmayan meyxanaçının dekan olmasına qadağa qoymur:

“Amma Balaəli gərək dövlət təltifi ala. Çünki 15.11.2017-ci il tarixli Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarına görə (1.6.4.) incəsənət, musiqi təmayüllü kafedraların müdiri və ya müvafiq fakültələrin dekanı vəzifəsini tutmaq üçün elmi dərəcəsi və adı olmayan, lakin həmin sahədə dövlət təltifləri olan şəxslər iştirak edə bilərlər”.

Ekspert deyib ki, Balaəli dekan və ya kafedra müdiri ola bilər:

“Balaəlinin ali təhsil almaması onun həmin müəssisələrdə dekan və ya kafedra müdiri olmasına mane olmur. Əgər meyxanaçı əməkdar artist və ya digər dövlət təltifi alarsa, bu istəyini də reallaşdıra bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: