Mehman Hüseynov iki deputatı üz-üzə qoydu – Adil Əliyevdən həmkarına sərt sözlər – VİDEO

Deputat Erkin Qədirli bloger Mehman Hüseynovun sualına verdiyi cavabla yenidən gündəm olub. Onun bu cavabı sosial və peşəkar mediada müzakirə edilir.

Globalinfo.az xatırladır ki, M.Hüseynov E.Qədirliydən soruşub ki, hansı deputat demokratik seçki ilə mandat qazanıb. Erkin Qədirli suala belə cavab verib: “Heç mən özüm demokratik yolla deputat seçilməmişəm”.

Milli Məclisin vitse-spikeri Adil Əliyev Erkin Qədirlinin bu dediklərinə sərt cavab verib. Vitse-spiker deyib ki, özünü müxalifətin nümayəndəsi sayan həmin millət vəkili (Erkin Qədirli-red.) blogerliyə iddia edən “jurnalistin” (dırnaq işarəsi Adil Əliyevə məxsusdur-red.) sualına cavab verə bilmirsə, bu o demək deyil ki, bütün millət vəkillərinə qara yaxmalıdır. Sitat: “Müxalifətdən olan millət vəkilinə verilən suala mən konkret cavab verirəm: Adil Əliyevin necə millət vəkili seçildiyini və seçicilərinin problemlərinə necə yanaşdığını 20 saylı Nərimanov ikinci seçki dairəsindən öyrənə bilərsiniz. Bəli, mən seçicilərimin səsi ilə millət vəkili seçilmişəm.

Milli Məclis sədrinin müavini daha sonra deyib: “Sözüm “mən özüm haqqımda deyə bilmərəm ki, demokratik yolla seçilmişəm” deyən millət vəkilinədir: Demokratik yolla seçilmədiyinizi bildirirsinizsə, nədən Milli Məclisin işində iştirak edirsiniz? Uzaqbaşı cavab verə bilərdiniz ki, “başqasının yerinə danışa bilmirəm, ancaq mən demokratik yolla seçilməmişəm”. Özünüzün seçildiyinizə əmin deyilsinizsə, ümumilikdə Azərbaycan parlamentinə niyə kölgə salırsınız? Axı Siz millət vəkili mandatı ilə tək parlamentin işində iştirak etmirsiniz, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda təmsil edir, konfrans və seminarlara qatılırsınız. Sizin məntiqsiz cavabınız hazırkı həssas məqamda Azərbaycana qarşı informasiya savaşını genişləndirən Ermənistan hakimiyyəti, erməni separatçıları, erməni lobbisi və onların arxasında olan mərkəzlərin işinə yarayır”.

Zaira Akifqızı
Globalinfo.az