Qərb bəyan etdi: bizə kömək etməyəcəklər, Azərbaycan isə… – Matevosyan

“Qərbə üz tutmasını maliyyə və iqtisadi diversifikasiya ilə izah etməyə çalışan İrəvan əslində Brüsseldən daha da asılı vəziyyətə düşür. Beləliklə, geosiyasi oyun alətinə çevrilir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

O bildirib ki, Aİ və ABŞ tərəfindən Ermənistana 350 milyon dolların ayrılması sadəcə olaraq Ermənistanı Qərbdən asılı vəziyyətə salmaq üçün verilib.

“Baş nazirin (Paşinyan -red) tərəfdarları arasındakı bəzi oliqarxları “silkələsəniz” 350 milyon dollardan çox pul əldə edə bilərsiniz. Lakin Paşinyan başqa yolla getməyə qərar verib. O, Ermənistanı İran və Rusiyaya qarşı alətə çevirmək niyyətindədir. Biz Rusiyanın Ermənistana qazı hansı qiymətə satdığını və onun bazar dəyərini müqayisə etsək görərik ki, Rusiya 270 milyonu Ermənistana cəmi bir həftə ərzində verir”.

Matevosyanın fikrincə, Qərb Ermənistanda bir növ investisiya proqramı həyata keçirir.

“Mən burada Qərbdə günah görmürəm. Əgər Ermənistan İran və Rusiyaya qarşı alət olmağa hazırdırsa, o zaman Qərb bu fürsətdən niyə istifadə etməsin ki?. Brüssel görüşünün ertəsi günü Aİ-nin xarici işlər üzrə sözçüsü Piter Stano açıq şəkildə bəyan edib ki, onlar Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi ola bilməzlər. Rusiya ilə strateji müttəfiqlik münasibətlərimizi pozmuşuq, İran isə regiondakı bütün məsələlərin “3+3” formatı çərçivəsində həll olunmasının tərəfdarıdır. Belə bir məqamda Stano səmimi şəkildə bəyan edir ki, onlar bizə kömək edə bilməzlər. Bütün bunları nəzərə alaraq Ermənistan öz maraqlarını ön plana çıxarmalı və onun zəruriliyini əsaslandırmalıdır”, – deyə Matevosyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az