Makronun kritik səfərinin pərdəarxası – Paris iki türk ölkəsindən nə istəyir?

Fransa Prezidenti Emmanuel Makron Qazaxıstana səfər edib. Prezident Kasım Jomart Tokayevlə görüşən Makronun daha sonra Özbəkistana yola düşəcəyi bildirilib.

Fransa prezidentinin ard-arda iki türk ölkəsinə səfəri və bunun xüsusilə Türk Dövlətlərin Təşkilatının zirvə toplantısı ərəfəsinə təsadüf etməsi diqqət çəkib. Onun səfərinin məqsədi, bu ölkələrdən nə istəyəcəyi beynəlxalq arenada müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, ehtiyatda olan general, Dr. Yücel Karauz Makronun səfərlərinin məqsədinə aydınlıq gətirib:

“Bu səfərlərin ümumilikdə iki məqsədi var. Birincisi, Kremlə qarşı blokun embarqolarla genişləndirilməsi, SSRİ-dən sonra Rusiya ilə eyni platformada olan ölkələrin Moskva ilə arasına məsafənin qoyulmasıdır. İkincisi isə odur ki, Fransa böyük, zəngin və təbii enerji ehtiyatlarına sahib olan Qazaxıstan və Özbəkistana, bir sözlə, Türküstan coğrafiyasına çıxış əldə etmək istəyir. Dünyada itirdiyi hörmət və nüfuzu, təmin edə bilmədiyi xam məmumaltları bu ölkələrdən qazanmağı hədəfləyir. Dünyanın bilinən güc mərkəzlərindən biri də Mərkəzi Asiya regonudur. Beləliklə, əgər dünya liderliyinə çatmaq istəyirsinizsə, bu coğrafiyanı ələ almalısınız”.

Y. Karavuz qeyd edib ki, regiona maraq göstərən sadəcə Fransa deyil:

“Birləşmiş Millətlər Təşkilatının iclasından sonra ABŞ və Mərkəzi Asiya ölkələrinin birinci zirvəsi keçirildi. Vaşinqton da regionda maraqlı tərəfdir. Gələcəkdə Rusiya, Hindistan və Çinə qarşı bu coğrafiyada hələ demokratiya və iqtisadiyyatı inkişaf etməkdə olan ölkələri müxtəlif vasitələrlə özlərinə bağlamaq istəyirlər. Makronun səfəri hazırda dünyada təhlükəsizliklə bağlı vəziyyətin dəyişdiyi bir zamanda xüsusilə vacibdir. Neft, təbii qaz, enerji ehtiyatları, onların təhlükəsiz transferi məsələsi, həmçinin terrorizm, narkomaniya ilə mübarizə kimi sahələrdə əməkdaşlıq istiqamətində danışıqlar aparılır”.


Dr. Yücel Karauz

O, Fransa prezidentinin səfərinin tam olaraq türk dövlətlərin toplandığı bir zamanla üst-üstə düşməsinin təsadüf olmadığını qeyd edib:

“Həmçinin bu kimi səfərlər, Mərkəzi Asiya regionundakı ölkələrin Türkiyə ilə birlikdə bir güc mərkəzi formalaşdırmasının əleyhinə planlanıb. Sabah Türk Dövlətləri Təşkilatının Astanada zirvə görüşü keçiriləcək. Gündəm mövzusu və əsas sloqan “Türk dövrü”dür. İndi Fransa prezidentinin səfərinin bu sloqan altında yığışan təşkilatın iclası ilə üst-üstə düşməsi də təsadüfi deyil. 28 il sonra ilk dəfə bir Fransa prezidenti Özbəkistana səfər edəcək. Daşkəndin hazırda müstəqil siyasət yürütməsi, Qazaxıstanla birlikdə inkişaf istiqamətində görülən müsbət işlər, milli birlik və bərabərliyini qismən tamamlamış olması dünya liderliyini hədəfləyən güclərin diqqət mərkəzindədir. Lakin bu dövlətlər əsas hədəfdən yayınmamalıdırlar. Hər kəslə yaxşı münasibətlər qurmaq vacibdir, amma gələcəyini formalaşdırmaq üçün əsas istiqamət Türk Dövlətləri Təşkilatıdır. Burada daha müstəqil və dünyada söz sahibi ölkəyə çevriləcəklər”.

Ayşən Mustafa
Globalinfo.az