Livan-İsrail sərhədində yüksək eskalasiya riski var – Aİ

Livan-İsrail sərhədində, həmçinin Qırmızı dənizdə yüksək eskalasiya riski var.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Səudiyyə Ərəbistanına səfərindən sonra yaydığı bəyanatda bildirib.

Borrell vurğulayıb ki, bu eskalasiyadan yayınmaq vacibdir:

“Müharibənin yayılmasının qarşısını almalıyıq. Müharibə genişlənməməli, dayanmalıdır. Müharibənin genişlənməsindən yayınmağın yeganə yolu İsrail və Fələstin arasındakı münaqişənin siyasi həllini axtarmaqdır. Bunun üçün isə beynəlxalq ictimaiyyətin və Avropa və ərəb xalqlarının güclü öhdəliyi tələb olunacaq”.

Aİ-nin Ali Nümayəndəsi qeyd edib ki, o, Brüsselə Avropa və Ərəb dünyası arasında bunun üçün çalışmaq və regionda genişlənən müharibənin qarşısını almaq öhdəliyi ilə qayıdır.

“Livanla sərhəddə daha bir müharibənin olması heç kimin marağında deyil, Qırmızı dənizdə gəmilərin hərəkətini, daşınmasını təhlükə altında qoymaq heç kimin marağında deyil. Ola bilsin ki, kiminsə marağındadır, amma şübhəsiz ki, bu, bəşəriyyətin xeyrinə deyil”, – Ali Nümayəndə əlavə edib.