
Lerikli yeniyetmə idmançının bacarıqları Türkiyədən film təklifi qazandırdı.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Lerik rayon sakini, 16 yaşlı Xəyyam Abayevin sosial şəbəkələrdə paylaşdığı idman tryuk videoları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Peşəkar idmançıların belə çətinliklə yerinə yetirdiyi hərəkətləri asanlıqla icra edən yeniyetmənin bacarıqları onu film sahəsinə qədər aparıb.
Xəyyam 4 yaşından etibarən idmanın qaydasız döyüş növü üzrə məşğul olur. Onun ilk müəllimi isə atası – Lerikdə 10 ilə yaxındır idman müəllimi kimi çalışan Rizvan Abayevdir. Atasının sözlərinə görə, sosial şəbəkələrdə videoların paylaşılması təşəbbüsü məhz Xəyyama məxsusdur və onların yayımlanmasından sonra xarici ölkələrdən təkliflər almağa başlayıblar.
“Uşağı aktyorluq üçün filmə çəkmək təklifi almışıq. Hazırda rejissorla ilkin danışıq aparılıb və biz də cavab gözləyirik”, – deyə Rizvan Abayev bildirib.
Yeniyetmə idmançı yarışlarda iştirak etməyə hələlik maraq göstərmir. Onun əsas hədəfi filmlərdə kaskadyor kimi çıxış etməkdir. Hazırda isə daha mürəkkəb fəndlər üzərində çalışır.
“Dəfələrlə məşq edirik. Alınana qədər dayanmıram. Əgər məşq edirəmsə, bu, o deməkdir ki, həmin hərəkət mütləq alınmalıdır. Bəzən 20-50 dəfə təkrarlamaq lazım gəlir, bəzən isə bir dəfəyə alınır. Bu, fəndin çətinliyindən asılıdır”, – deyə Xəyyam bildirib.
Onun sözlərinə görə, sosial şəbəkədə paylaşdığı görüntülərə şübhə ilə yanaşanlar da olub. Bəzi izləyicilər fəndlərin gerçəkliyinə əmin olmaq üçün birbaşa idman zalına gələrək məşqləri canlı izləyiblər.
Xəyyam gələcək təhsilini də məhz idman sahəsində davam etdirməyi planlaşdırır.
@cenublu_az Lerikli gənc Xəyyam Abayevin döyüş fəndlərini əks etdirən video sosial mediada böyük rəğbətlə qarşılanıb. Cenublu.az xəbər verir ki, onun məşqçisi atası Rizvan Abayevdir. Xəyyam məharətli hərəkətlərlə idmana olan böyük marağını və əzmkarlığını nümayiş etdirib. Gənc həmyerlimizə uğurlar arzu edir, onun timsalında bütün idmançıların amallarına çatmalarını diləyirik. #cenub #astara #lerik #lənkəran #bilesuvar #celilabad #yardımlı #masalli #klub #video #trend ♬ оригинальный звук – Cenublu Az