Lənkəranın TDT-nin “Gənclər Paytaxtı” elan edilməsi ilə bağlı tədbir keçirildi – FOTOLAR

İyunun 10-da  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə Lənkəranın Türk Dövlətləri Təşkilatının (TDT) “Gənclər Paytaxtı” elan edilməsi ilə bağlı rəsmi açılış mərasimi keçirilib.

Globalinfo.az bildirir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, UNİCEF-in Azərbaycan Respublikasındakı nümayəndəsi Saja Farooq Abdullah, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sədi Cəfərov, Türkiyə Cümhuriyyəti gənclər və idman nazirinin müavini Halis Yunus Ersöz, Şimali Kipr Türk Respublikası Baş Nazirliyinin mətbuat katibi Didem Mentesh Arkaynak, Özbəkistan və Qırğızıstan  dövlətlərinin rəsmi nümayəndələri iştirak ediblər.

Lənkəran şəhəri Heydər Əliyev parkında baş tutan tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov giriş nitqi ilə çıxış edib. Tədbirin önəmi barədə danışan icra başçısı Türk Dövlətləri Təşkilatı ilə bağlı cənab Prezident İlham Əliyevin “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladıb və bildirib ki, Türk dünyasında müasir gənclik hər şeydən məlumatlıdır, hadisələrə və proseslərə daha operativ və adekvat yanaşma sərgiləməyi bacarır, milli maraqları hər şeydən üstün tutur, taleyüklü məsələlərdə daim xalqının və dövlətinin yanında olmağı öz praktik addımları ilə sübut etməkdə qətiyyət nümayiş etdirir. Onun sözlərinə görə, cəmiyyətin ən dinamik təbəqəsi kimi gənclərinsosial-psixoloji vəziyyəti, həyat və fəaliyyət şəraiti hər bir ölkənin maddi və mənəvi tərəqqisinə bilavasitə təsir göstərir: “Gənclər ölkənin və millətin gələcəyi, onun inkişafının və yüksəlişinin əsas meyarıdır. Bu baxımdan cəmiyyətin tərəqqisi dövlətin gənclər siyasətini düzgün müəyyənləşdirməsindən və həyata keçirməsindən birbaşa asılıdır”.

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizin gənclər siyasəti barədə danışıb və qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə bu gün Azərbaycan gəncliyi beynəlxalq gənclər hərəkatına inteqrasiya olub. Bu gün beynəlxalq qurum kimi Türk Dövlətləri Təşkilatının “Gənclər Paytaxtı”nın məhz Lənkəran olaraq seçilməsi bir daha imkan verir ki, təkcə paytaxt və böyük şəhərlərdə yaşayan gənclər deyil, eləcə də regionlarda yaşayan gənclərimiz beynəlxalq müstəvidə qarşılıqlı əlaqələr qursun, təcrübə mübadiləsi aparsın, bilik və bacarıqlarını daha da təkmilləşdirsin.

Daha sonra Gənclər Fondunun icraçı direktorunun vəzifəsini icra edən Qədir Xəlilov, Türkiyə Cümhuriyyəti gənclər və idman nazirinin müavini Halis Yunus Ersöz çıxış ediblər, Türk Dövlətləri Təşkilatının (TDT) “Gənclər Paytaxtı” ilə bağlı videoçarx nümayiş etdirilib, Türk dövlətlərinin bayraqlarının musiqi sədaları altında təqdimatı keçirilib.

Daha sonra Türk Dövlətləri Təşkilatının (TDT) “Gənclər Paytaxtı”nın simvolik açarı Türkiyə Cümhuriyyəti gənclər və idman nazirinin müavini Halis Yunus Ersöz tərəfindən Lənkəran ŞİH başçısı Taleh Qaraşova təqdim edilib.

Tədbirin bədii hissəsində “Nənələr” folklor qrupu, populyar mahnıların bəstəkarı və ifaçısı Murad Arif, Vaqif Nağıyev və Dərviş Band qrupu çıxış ediblər, sonda atəşfəşanlıq keçirilib.