“Korrupsiya cinayəti törətmiş şəxslər həyasızcasına əmlaklarını geri tələb edirlər” – Hüquqşünas od püskürdü

Vaxtilə korrupsiya cinayətinə görə həbs olunan sabiq məmurlar məhkəmə iddiası qaldırıb müsadirə olunan əmlaklarını geri qaytarmaq istəyir. 

“MTN işi”nə görə həbs edilən, daha sonra isə azadlığa buraxılan  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov Bakı Apelyasiya Məhkəməsinə yenidən müraciət edib. “Qaynarinfo”nun məlumatına görə, sabiq məmur bu dəfə ailəliklə cavabdeh qismində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini məhkəməyə verib. İddiaçı qismində Vidadi Zeynalovla bərabər ailə üzləri və qohumudur. Qeyd edək ki, Vidadi Zeynalov məhkəmələrdə dəfələrlə uduzsa da, yenidən 43 milyonluq həbs qoyulan əmlaklarını geri istəyir. O, halal yolla bu əmlakları əldə etdiyini deyir. V.Zeynalov bununla bağlı daha bir açıqlamasında apelyasiya şikayətini özü deyil, övladlarının verdiyini bildirib.

Qeyd edək ki, MTN generalı Akif Çovdarov 5 illik məhbəs həyatından sonra bu yaxınlarda 30 milyonluq əmlakını geri qaytarmağa nail olub.

Həmçinin, Haqq və Ədalət Partiyasının (HƏP) sədri, keçmiş səhiyyə naziri Əli İnsanovun partiyadaşlarından biri “Yeni Sabah”a bildirib ki, hakimiyyət Ə.İnsanova vaz keçə bilməyəcəyi böyük vəd verib. Onun sözlərinə görə, konstruktiv müxalifətə keçməsi qarşılığında HƏP sədrinə məhkəmə yolu ilə müsadirə edilən əmlakının geri qaytarılması vəd edilib. Mənbə deyib ki, siyasətçiyə qaytarılması nəzərdə tutulan əmlakın siyahısına 2005-ci ilin oktyabrında onun evindən götürülmüş, təxminən 40 kiloqram həcmində qızıl külçələr və Xızı rayonunun Qızılqazma kəndində 1 hektar ərazidə yerləşən bazar qiyməti 3 milyon manat olan dəbdəbəli villa da daxildir. 76 yaşlı siyasətçinin əmlakını geri almaq üçün yaxın günlərdə apelyasiya şikayəti verəcəyi gözlənilir.

Hüquq müdafiəçisi Əkrəm Həsənov Globalinfo.az-a mövzunu şərh edərkən qeyd edib ki, Akif Çovdarovun məsələsi çox pis presedent yaradıb:

“Vaxtilə korrupsiya və s. cinayətlərə görə məhkum olunmuş, sonra vaxtından əvvəl azadlığa buraxılmış şəxslər indi həyasızcasına əmlaklarını da tələb edirlər. Bir hüquqşünas və vəkil kimi deyə bilərəm ki, Vidadi Zeynalovun hüquqi davasının perspektivi var. Təəssüf ki, bunun günahkarı aidiyyatı dövlət qurumlarıdır. Həmçinin qəbul edilən və ya edilməyən qanunlardır. Azərbaycanda 1993-cü ildə qəbul olunmuş və hələ də qüvvədə olan “Varidata təminatın verilməsi haqqında” konstitusiya qanunu var. Həmin qanuna görə, heç kimdən əmlakını hardan əldən etdiyi soruşula bilməz. Digər tərəfdən də, 2005-ci ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” BMT konvensiyasına qoşulmuşuq və elə həmin ildə də eyniadlı qanun qəbul etmişik. Məmurlar tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi haqqında qanuna görə, ilin əvvəlində hər bir məmur özünün və onunla birgə yaşayan ailə üzvlərinin əmlakı, hətta borcları haqda bəyannamə təqdim etməlidir. Amma həmin bəyannamə formasını Nazirlər Kabineti təsdiq etməli idi, hansı ki, 18 ildə bunu etməyib. Buna görə də heç bir məmur onun və qohumlarının əmlakının mənbəyi haqda hesabat vermir”.

Ə.Həsənov qeyd edib ki, eyni zamanda, Azərbaycanda daşınmaz əmlakın dövlət reyestri, kommersiya hüquqi şəxslərin dövlət reyestri qapalıdır, amma bütün sivil dünyada məmurların bu məlumatı açıqdır:

“Belə şəraitdə istənilən məmur özünün, yaxud ailə üzvünün əmlakı haqqında məlumat verməyə məcbur deyil. Bu məntiqlə onlar bu gün deyir ki, “bu ailə üzvlərimizindir, onlar ki, cinayət etməyib, mən etmişəm cinayəti, onların əmlakına toxuna bilməzsiniz.

Amma adi vətəndaşa münasibətdə bu qanun işləmir, məmurlar, məhkəmələr, icra məmurları, hüquq-mühafizə orqanları tutub vətəndaşın əmlakını da əlindən alırlar, evini də sökürlər. Necə olur ki, vaxtilə özləri hüquq-mühafizə orqanlarında işləmiş, min bir oyundan çıxmış məmurlara münasibətdə qanun birdən-birə işləyir?! Cəmiyyətdə də belə fikir yaranır ki, bunlardan niyə qorxurlar, hansı kompromatlar var”.

Ekspert hesab edir ki, dövlətimiz öz gücünü və qüdrətini göstərməlidir və belə şəxslərin oyunbazlıq etməsinə, dövlətimizin hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin onsuz da aşağı olan nüfuzunu daha da darmadağın etməyə imkan verməməlidir.

Gülnar Səlimova

Globalinfo.az