WhatsApp Image 2023 10 18 at 14.18.02 1

HƏMAS qruplaşması ilə İsrail ordusu arasında davam edən münaqişədə hər iki tərəfdən həlak olanların sayı getdikcə artır.

HƏMAS-ın hücumu nəticəsində İsraildə müxtəlif ölkələrdən olan turistlər də öldürüldü, əsir götürüldü. Daha sonra bir çox ölkələr öz vətəndaşlarını təxliyə etməyə başladılar. Azərbaycan Xarici İşlər Nazirliyi isə açıqlama verərək belə bir prosesin hələ ki, nəzərdə tutulmadığını, çox az sayda insanın bununla bağlı müraciət etdiyini bildirib. Həmin şəxslərin də müntəzəm reylərlə ölkəmizə gətirildiyi qeyd olunub.

Bəs indi İsraildə yaşayan azərbaycanlılar arasında ab-hava necədir?

Hazırda İsrailin paytaxtı Təl-Əvivdə yaşayan və burada tibb sahəsində çalışan Azərbaycanəsilli Nərgiz Quliyeva oradakı vəziyyəti Globalinfo.az-la bölüşüb.

N.Quliyeva bildirib ki, Qarabağ köçkünüdür və baş verənlər 1990-cı illərdə orada yaşananları xatırladır:

“Məlumdur ki, İsrail Yaxın Şərqdə güclü ölkədir. Biz mütəmadi olaraq HƏMAS-ın terroruna məruz qalırıq. Oktyabrın 7-də baş verən soyqırıma görə burada əhali aqressivdir. Yaşananlar eynilə Xocalı soyqrımını xatırladırdı. Mən Qarabağ köçkünüyəm, Xankəndidə anadan olmuşam. Xocalı soyqırımı baş verəndə biz Ağdamda yaşayırdıq, o zaman 6 yaşım vardı. Qarabağda müharibənin içində olanda öz yaşıdlarımıza tabutlar düzəldirdik. Ona görə burada yaşananlar məni daha çox sarsıtdı.
Mətbuatda çox zaman məlumatlar düzgün verilmir. Bu müharibənin yəhudi-müsəlman mövzusuna heç bir aidiyyəti yoxdur. İsrail uşaq qatili olan ölkə deyil, burada uşaqlar hər şeydən üstündür. Lakin Reim, Kfar Azza, Beri feramalarında yaşananlar insanlığa zidd, çox qəddarcasına törədilmiş qətliamdır”.

Nərgiz Quliyeva orada yaşayan azərbaycanlıların vəziyyəti və baş verənlərə yanaşmasını nəzərə çatdırıb:

“Hazırda xalq çox nikbindir. Bir gündə neçə dəfə raket atılır, hər kəs Fövqəladə Hallar Nazirliyinin qaydalarına uyğun davranır. Qarabağ müharibəsində olduğu kimi, indi burada bütün xalq birləşib. Bir bilsəniz ordu üçün nələr edilir. Könüllülər tərəfindən sinaqoqlarda yeməklər bişirilir. Evindən didərgin düşən vətəndaşlara yardım edilir. Burada Azərbaycanəsilli yəhudilər çoxdur. Körpəsi olanlardan bir neçəsi Azərbaycana getdilər. Lakin əksəriyyəti ölkəni tərk etməyi düşünmür. Hamımız bu münaqişənin tez bir zamanda bitməsini çox istəyirik. Müxtəlif ölkələrdən çox sayda əməkdaşımız var. Hələ ki, ciddi bir təxliyə görmədim. Əksinə, hər kəs işinə davam edir, əlindən gələn qədər dəstək olmağa çalışır”.

Müsahibimiz bildirib ki, çalışdığı xəstəxanaya gələnlərin 30-40 faizi Qəzzadan olan xəstələrdir:

“HƏMAS-ın tam məhvi gözəl olardı. Çünki onlar yerli əhalini belə əsarətdə saxlayırlar. Biz səhiyyə sahəsində çalışırıq. Xəstəxanamızın 30-40 faizi Qəzzadan gələn xəstələrdir. Biz onlara heç bir ayrı-seçilik qoymadan yardım edirik. Onların heç bir qida problemləri yoxdur, xidmətdən çox razıdırlar. Hətta həyəcan siqnalı çalınanda biz özümüzdən öncə xəstələri, xüsusilə də həmin şəxsləri təxliyə edirik. Onlar İsraildə yadlıq çəkmirlər. Normalda Qəzzanın ağır xəstələri, onkoloji uşaq xəstəlikləri, beyin və ürək cərrahiyyəsi demək olar ki, İsrail ərazisində müalicə edilir”.

Qeyd edək ki, oktyabrın 7-də qruplaşmanın İsrail ərazisinə daxil olaraq yüzlərlə insanı qətlə yetirməsindən sonra ölkə rəhbərliyi müharibə vəziyyəti elan edərək ölkə ərazisi və Qəzzada antiterror əməliyyatlarına başladığını açıqladı.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: