İsmayıllı-Lahıc yolu bağlandı – Səbəb

Ötən gün axşam saatlarından başlayan leysan xarakterli yağış və güclü külək İsmayıllının Lahıc qəsəbəsinə və ətraf kəndlərə gedən yolun bağlanmasına səbəb olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Lahıc və digər kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Güclü külək və yağış səbəbindən torpaq qatı, iri qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun dağlardan keçən hissəsinə tökülüb. Hazırda yol hər iki istiqamətdə bağlı olduğundan avtomobillər yolda qalıb.

Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib. Yolun hərəkət hissəsində olan qaya parçaları, lil qatının təmizlənməsi işləri həyata keçirilir.

Hazırda yağış davam edir, çaylarda suyun artması müşahidə olunur.