İrəvanda qalmaqal: separatçılar hərəkətə keçdi – İki Samvelin tək məqsədi

Qarabağdan qaçan separatçıların İrəvanda yenidən qarşıdurmaya başladığına dair xəbərlər yayılıb. Hətta Samvel Babayan keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın hazırda Azərbaycan ilə danışıq aparmağa çalışdığını, Bakıda saxlanılan erməni terrorçularla əlaqə saxladığını iddia edib.

Əslində separatçıların Bakı ilə danışıqlara başlamaları haqda məlumatlar çoxdan yayılıb. 19-20 sentyabr antiterror tədbirlərindən əvvəl Ermənistan mediasında bu mövzuda bir-birindən maraqlı xəbərlər dərc olunurdu. Həmçinin Şahramanyanın separatçı deputatların İrəvanda toplanmasına icazə vermədiyi bildirilib. Bu məsələ də onun Azərbaycanla əlaqədə olduğu iddialarına dair müzakirələrin intensivləşməsinə səbəb olub.

Bu nə dərəcədə həqiqətə uyğundur? Şahramanyanın Bakı ilə danışıqlar aparmasına dair iddialar nəyə hesablanıb? İrəvan hakimiyyəti ilə Qarabağ separatçıları arasında gərginliyin olduğu vaxtda Bakı ilə əlaqə istəyi onlara nə vəd edir?

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli mövzunu Globalinfo.az-a şərh edərkən bildirib ki, S.Babayanın İrəvandakı açıqlamalarının məqsədi başqadır:

“Hazırda Ermənistan Qarabağdan gələn separatçıların mövcudluğundan narahatdır. Həmin şəxslərin separatçı mövqelərinə görə Azərbaycanla dil tapa bilmək şansları da yoxdur. Bakı əsla onları tərəf kimi qəbul edib, danışıq aparmaz. İrəvandakı separatçılar hesablaşma, satqınlıq dönəminə qədəm qoyublar. Ermənistandakı daxili qarşıdurmalar, Samvel Babayanın açıqlamaları, onun terrorçu rejimin digər tör-töküntülərini hədəf alması hər birinin sadəcə öz xeyrini güdməsi baxımından hesablanmış addımlardır. Onun hədəfi Qarabağı geri qayıtmaq deyil. Görünür, müəyyən kanallar vasitəsi ilə maliyyə vəsaiti əldə etmək istəyir.

Samvel Babayan və Samvel Şahramanyan, həmçinin digər separatçılar Qarabağdan Ermənistana köçdükdən sonra bir-birilərini ittiham etməyə başlayıblar. Onlar həm Azərbaycan, həm də Ermənistanın nöqteyi-nəzərindən problemli şəxslər hesab edilirlər”.


Əziz Əlibəyli

Ə.Əlibəyli Qarabağdan köçən separatçıların əslində Ermənistandakı siyasi proseslərdə iştirak etməyə çalışdıqlarını deyib:

“İrəvanda S.Şahramanyanın Bakı ilə danışıq aparması məsələsi daha çox gündəmə gətirilir. O insanlar əslində Azərbaycan vətəndaşları sayılırlar. Həmin şəxslərin Ermənistanda gündəmdə qalması Bakının kartlarını gücləndirir. Bu məsələ Ermənistanın başını çox ağrıdacaq. Samvel Babayan Şahramanyanı hədəf göstərməklə əslində onun qondarma rejimin özünü buraxmasına dair imzaladığı sənədə diqqət çəkir. Xatırlamaq lazımdır ki, bu sənədə əsasən separatçı rejimin “qurumları”nın yanvarın 1-nə kimi tək-tək ləğvi nəzərdə tutulub. Lakin Babayan və Şahramanyanın çabaları daha çox Ermənistanda siyasi proseslərdə iştirak üçün apardıqları mübarizəyə oxşayır. Ölkədə Nikol Paşinyan hakimiyyətinə qarşı çıxan, Qarabağdakı hadisələrdə iştirak etmiş partiyalar, siyasətçilər var. Baş verənlər bu şəxslərin mobilizasiyası kimi düşünülə bilər”.

Ayşən Mustafa
Globalinfo.az