İraqdan ABŞ-a qarşı kritik həmlə – Vaşinqton nə edəcək?

İraq Baş naziri Məhəmməd Şia Əl-Sudaninin ofisindən verilən məlumata görə, rəsmi Bağdad ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın missiyasını başa çatdırmaq üçün komitə yaradır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov qeyd edib ki, ABŞ qoşunlarının İraqı tərketmə vaxtı yetişib:

“Bu, fors-major hal kimi dəyərləndirilməməlidir. Əvvəldən planlaşdırılmış strateji taktikanın davamı kimi nəzərdən keçirilməlidir. ABŞ qoşunlarının İraqı tezliklə tərk edəcəyini düşünmürəm: bu, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəli ilə bağlı plan kimi nəzərdə tutulub.

Tural İsmayılov

Nəzərə alaq ki, Amerika Birləşmiş Ştatları Əfqanıstanı tərk edib, lakin onun Talibanla gizli anlaşmasının olduğunu düşünürəm. Talibanın radikal qruplaşma olaraq ABŞ düşməni kimi qələmə verilməsinə baxmayaraq, mövcud proses vəziyyətin belə olmadığını göstərir. Ağ Evin istəyi nəzərə alınmadan hər hansı addım atılmır.

ABŞ-da seçkilər ərəfəsində Demokratların əsas hədəflərindən biri xarici siyasətlə bağlı ictimai rəydə yaranan narazılıqları aradan qaldırmaqdır. Rəy sorğuları göstərir ki, Amerika əhalisi ordunun başqa ölkələrdəki mövcudluğunu istəmir. Əfqanıstan modeli kimi ordunun İraqdan çıxarılmasını tələb edir. Dediyim kimi, bu proses o qədər də asan deyil və uzun vaxt tələb edir”.

Safura Bənnayeva
Globalinfo.az