İrandakı münaqişə 7 400 nəfərin həyatına son qoyub, onların əksəriyyəti mülki şəxslərdir.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes “X” sosial şəbəkəsində bildirib.
“Yüzlərlə dağıdılmış ev, məktəb və xəstəxana var. Hər yerdə qiymətlərin artması və Avropa da daxil olmaqla milyardlarla avro dəyərində ziyan deməkdir. İrandakı münaqişənin yekunu bu cürdür”, – o, yazıb.
Baş nazir ABŞ və İran arasında əldə olunan razılaşmanın Yaxın Şərqdə yeni səhifə açacağına ümid etdiyini bildirib:
“Ümid edirik ki, bu gün elan edilən sülh sazişi bu dəliliyin sona çatmasına kömək edəcək, bütün tərəflər ona riayət edəcək və Yaxın Şərqdə yeni bir dövrün başlanğıcı olacaq. Bayram edəcəyik. Amma unutmayacağıq. Və birdəfəlik dərk edəcəyik ki, müharibə – uçurumdur. Dialoq və diplomatiya – yeganə yoldur”, – Sançes yazıb.
İsveçin Baş naziri Ulf Kristersson da ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb.
“İndi Hörmüz boğazından sərbəst və təhlükəsiz keçidi mümkün qədər tez bərpa etmək vacibdir. Bu, İsveç kimi ölkələrin asılı olduğu qlobal ticarət üçün həlledici əhəmiyyətə malikdir. Buna görə də bugünkü xəbər İsveç iqtisadiyyatı və ölkənin işləyən vətəndaşları üçün də vacibdir. Uzunmüddətli həll yolu İranın nüvə silahı əldə etməsinə və ya regionda və Qərbdə təhlükəsizliyi təhdid etməsinə icazə verilməməsini nəzərdə tutmalıdır”.