İranda Nizaminin fars şairi olduğuna inanmırlar, bu da sübutu!

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Novruz bayramı ilə bağlı qalmaqallı paylaşım edib. Tviter səhifəsində paylaşım edən nazir təbrik mesajında dahi şairimiz Nizami Gəncəvini İran şairi kimi təqdim edib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, bu, İran rəsmilərinin səsləndirdikləri ilk sərsəm fikir deyil:

“İran rəsmiləri sözün əsl mənasında nəfəslərini dərmədən “Nizami fars şairidir” deməkdən yorulmurlar. İran dövlət səviyyəsində Azərbaycana qarşı illərdir bu kimi təxribatlara yol verir. İmkanları olsa, müasir tarixi də saxtalaşdırıb digər böyük azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarı da “böyük fars şairi” adlandırarlar. Təsadüfi deyil ki, məhz Şəhriyarın Təbrizdə dəfn edildiyi “Şairlər məqbərəsi”ndə Nizaminin portretinin altında “böyük fars şairi” ifadəsi yer alıb. İran Nizamini “fars şairi” adlandırmaqla həm də cənubdakı azərbaycanlıları təhqir edir.

Lakin diqqətçəkən məqam odur ki, əslində, farslar Nizaminin onlardan biri olduğuna inanmırlar. Bunu təsdiq edən ən sadə misal Firdovsiyə göstərilən ehtiramın Nizamiyə göstərilməməsidir. Belə ki, hazırda  İranda əksər şəhərlərdə Firdovsinin heykəllərini görmək mümkündür. Nizaminin heykəlinə isə rast gəlmək mümkün deyil. Nizamiyə İranda eyni ehtiramı göstərmirlər. Hesab edirəm, biz də Firdovsiyə “böyük ərəb şairi” deməliyik”.

Turan Rzayev
Globalinfo.az