İran prezidentliyinə azərbaycanlı namizəd Qarabağ haqda nə deyib? – Paşinyana CAVAB

İranda keçirilən prezident seçkilərində Güney Azərbaycanın Təbriz şəhərindən olan namizəd Məsud Pezeşkianın Vətən müharibəsi zamanı Qarabağ haqda dediyi sözlər yenidən gündəmə gəlib. 

Globalinfo.az xəbər verir ki, M.Pezeşkian müharibə vaxtı İran hökumətinin Azərbaycan əleyhinə mövqeyini tənqid edib.

Hələ 2020-ci ildə İran parlamentinin deputatı olan M. Pezeşkian İran hökumətinin Ermənistana dəstəyinin doğru olmadığını deyib. O, millət vəkili olduğu dönəmdə Tehranın qərarlarının İran xalqının iradəsinə uyğun gəlmədiyini bildirib:

“Qarabağ İslam torpağıdır. İran İslam Respublikasının xarici siyasəti sülh münasibətləri və qonşu ölkələrin daxili məsələlərinə qarışmamaq prinsipini mənimsəyir. Hökumət bir ölkə ilə əlaqələri genişləndirmək bəhanəsi ilə milli maraqları və mənafeyimizi tapdalamamalıdır”.

Bundan əlavə 2019-cu ildə Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı ermənilərin Tehranda fəaliyyət göstərən  “Ararat” idman mərkəzini ziyarəti Günel Azərbaycanlılar arasında ciddi narazılığa səbəb olub. Belə ki, N.Paşinyanın “Ararat” idman klubunun mərkəzinə səfəri zamanı daxil olduğu qapalı stadionun divarına keçmiş qondarma rejimin “bayrağı” asılıb. Onun üzərində isə erməni dilində “Qarabağ Ermənistanındır və son” yazılıb. Baş nazir bu yazının önündə foto çəkdirib. O zaman İranda yaşayan azərbaycanlılar Tehranda yol verilən bu təxribata qarşı çıxıblar. Hətta İran siyasi sferasında önəmli rol oynayan bir neçə soydaşımız bu addıma görə hökumətin günahkar olduğunu bildirib. Həmin vaxt M. Pezeşkian da bir yazı yayımlayıb, bu məsələnin yolverilməz olduğunu, Qarabağın İslam torpağı olduğunu qeyd edib. O və digər azərbaycanlılar bu addımları ilə xüsusi diqqət çəkiblər.

Hazırda İranda davam edən seçki prosesi bu ölkənin müttəfiqlərindən olan Ermənistanda da yaxından izlənilir.  M. Pezeşkianın 4 il öncəki açıqlamaları erməni KİV və sosial şəbəkə seqmentində yenidən gündəmə gəlib. Onun Qarabağla bağlı sözlərinə sərt reaksiyalar bildirilir. M. Pezeşkianın seçkilərin ilk turunda öndə olması ilə bağlı narahatlıqlarını dilə gətirirlər.

Qeyd edək ki, İranda Prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin edilib.

Ayşən Mustafa
Globalinfo.az