İran Naxçıvanla bağlı təxribata əl atdı – Yeni üsul

 

Son günlər sosial şəbəkələrdə İranın Naxçıvan Xalq Hərəkatı adlı saxta təşkilatının müraciəti yayılıb. Müraciətdə guya Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsinin zəruriliyi qeyd edilib.

Maraqlıdır, ölkəmizə qarşı düşmən mövqeyi sərgiləyən İran bu kimi cəfəng və təxribat xarakterli məlumatları yayaraq nəyə nail olmaq istəyir?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib ki, bu, İran tərəfinin ölkəmizə qarşı növbəti təxribatıdır:

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

“Təəssüf ki, belə təxribatlar son zamanlar tez-tez təşkil olunur. Heç kəsə sirr deyil ki, bu gün İranda anti-Azərbaycan abu-havası hakimdir. Bu mənada İranın müxtəlif təxribatlar törətməsi, şayiələr, böhtanlar yayması gözlənilən idi.

Bütün bunlara baxmayaraq, biz birliyimizi möhkəmləndirməliyik. Heç kəs Naxçıvan ilə bağlı təxribata yol verə, onun mövcudluğu barədə hədyan danışa bilməz. Naxçıvan Azərbaycandır!

Unudulmamalıdır ki, Azərbaycanın bütün bölgələri kimi Naxçıvan Muxtar Respublikası da 44 günlük Vətən müharibəsində yüksək səviyyədə iştirak edib. Qarabağ uğrunda döyüşən naxçıvanlı şəhidlər, qazilərimiz var”.

Politoloq Samir Hümbətovun sözlərinə görə, İranın molla rejimi hər vəchlə çalışır ki, Azərbaycanda qarışıqlıq yaratsın:

Rusiyanın məqsədi regionda varlığını qorumaqdır"- Samir Hümbətov

“İran daxilindəki çaxnaşma və etiraz aksiyalarını tənzimləyə bilmir. Buna görə də ölkə xaricində süni gərginliklər yaradaraq daxili auditoriyanın diqqətini yayındırmağa çalışır.

Son günlər gərginləşən Azərbaycan-İran münasibətlərinin də kökündə bu dayanır. Bu mənada İranın Naxçıvan Xalq Hərəkatı adlı qondarma hərəkat yaratması gözlənilən idi. Nəzərə almaq lazımdır ki, SEPAH da özünün Teleqram kanalında Azərbaycan əleyhinə paylaşımlar edir. Rəsmi Bakı İranın bu və digər təxribatlarının qarşısını yerində və adekvat şəkildə alır. Bundan sonra bu belə olacaq”.

Turan Rzayev, Globalinfo.az