İran gələn ay yenidən qarışacaq – həmin təqvim yaxınlaşır

Gələn ay Məhsa Əmininin ölümünün ildönümüdür. Bununla bağlı İranın məhkəmə sistemi bir daha hökumət əleyhdarlarına gələn ay M.Əmininin ölümünün ildönümünü qeyd etmək üçün küçələrə çıxmamaları barədə xəbərdarlıq edib. İranda növbəti gərginlik və küçə yürüşləri, etirazlar başlaya bilərmi?

Azərbaycanda bu tarixlə bağlı hansı tədbirlər görülür?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiyanın başqanı Tural Abbaslı deyib ki, İranda aksiyalar qaçılmazdır.

Tural Abbaslı

“Düşünürəm ki, İranda Məshanın öldürülməsinin ildönümü ilə bağlı mütləq aksiyalar başlayacaq. Hakimiyyət də bunu bildiyi üçün əvvəlcədən xəbərdarlıq edir ki, aksiyalar olmasın. Həm də İranda qarşıdurmanın olmasında maraqlı olan kifayət qədər böyük və çox sayda dövlətlər var. Elə həmin o dövlətlərin də marağında olacaq ki, İranın daxilində çaxnaşmalar baş versin”.

T.Abbaslı deyib ki, aksiyaların hansı səviyyədə olacağını zaman göstərəcək:

“Hər hansı bir inqilabi dəyişikliklərin başlanğıcı da ola bilər. Düşünürəm ki, Azərbaycan və digər dünya ölkələrində də həm qadın hüquqları, həm qadın azadlıqları mövzusunda müxtəlif tədbirlər keçiriləcək. Unutmaq lazım deyil ki, dünyada kifayət qədər mühacirətdə olan iranlılar var. Hansı ki, onlar böyük diasporalar, təşkilatlar qurublar. El həmin şəxslər də hansısa aksiyalar təşkil edəcəklər”.

Tural Abbaslı deyib ki, partiya olaraq aksiya təşkil etməyəcklər:

“Qonşu ölkələrdə baş verən hadisələrə reaksiya vermək normal haldır. Nəzərə alsaq ki, İranda 40 milyondan artıq türk var və ora bizim biganə qalmayacağımız ölkədir, ona görə də, kimlərinsə aksiya keçirməsi mümkündür. Lakin yenə deyirəm, hadisələrin axarını zaman göstərəcək. Hər şey ola bilər. Mənə elə gəlir ki, digər ölkələrin bununla bağlı xüsusi planları və fikirləri var”.

Qeyd edək ki, 22 yaşlı Məhsa Əmininin ölkənin baş örtüyü qanunu pozduğu iddiası ilə polis nəzarətində olarkən öldürüldüyü bildirilir. Onun ölümündən sonra İran qarışdı. Yüz minlərlə vətəndaş küçələrə çıxıb aylarla etiraz etdilər.

Zaira Akifqızı
Gobalinfo.az