“İran barışmaq üçün səylər göstərir, lakin…” – Politoloqdan xəbərdarlıq

“İran Azərbaycanla gərginliyi artırmaqla çox şey itirir. İki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinin tək günahkarı rəsmi Tehrandır”.

Bu sözləri Globalinfo.az-a politoloq Tural İsmayılov İran-Azərbaycan münasibətlərinin hazırkı durumunu dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, İran Azərbaycanın geri addım atamamasını başa düşərək özü münasibətlərin normallaşması üçün səylər göstərir:

“Rəsmi Tehranın atdığı ardıcıl səhv addımlar, həmçinin provokasiyalar səbəbi ilə İran-Azərbaycan münasibətləri gərginləşdi. Lakin bu gərginlik İrana sərf etmir. Tehran indi anlayır ki, Azərbaycanla gərginlik İranı beynəlxalq təzyiqlərlə üz-üzə qoya bilər. Eyni zamanda bu gün İran daxilində milyonlarla azərbaycanlı bu ölkənin sərgilədiyi anti-Azərbaycan siyasətinə etiraz edir.
Bu baxımdan İran bütün bunları nəzərə alaraq Azərbaycanla münasibətləri normallaşdırmaq üçün səylər göstərir.

Tural İsmayılov

Hesab edirəm ki, 44 günlük müharibədən sonra Ermənistanla sülh müqaviləsinin imzalanması üçün danışıqlara başlasaq da, bu ölkəyə güvənmədiyimiz kimi, İrana da güvənməməliyik. Çünki İran bundan öncə olduğu kimi, bundan sonra da təxribatlara əl atıb, gərginliyi artıracaq”.

Turan Rzayev
Globalinfo.az