Lerikdə vəzifəli şəxsin intiharı ilə bağlı təfərrüat məlum olub.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ailəli və bir uşaq atası olan 30 yaşlı Şəfiq Şaiq oğlu Əliyev dünən günorta saatlarınadək sədri olduğu Kirəvud kənd İcra Nümayəndəliyində işdə olub.
Bundan sonra ondan xəbər almaq mümkün olmayıb və kənd üzrə axtarışa başlanılıb.
Axtarışa Kirəvud və ətrafdakı kəndlərin sakinləri qoşulub. Nəticədə Şəfiq Əliyevin avtomobilinin Boykənd kənd qəbiristanlığının girişində olması müəyyənləşib. Az sonra Ş.Əliyevin meyiti qəbiristanlıqdakı ağacların birində asılı halda tapılıb.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilən Şəfiq Əliyevin nəşi artıq ailəsinə təhvil verilib. O, bu gün dəfn ediləcək.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
***11:22
Lerik Rayon İcra Başçısının Kirəvud kəndi üzrə ərazi icra nümayəndəsi Əliyev Şəfiq Şaiq oğlu dünyasını dəyişib. Onun intihar etdiyi deyilir. Lakin Şəfiq Əliyevin hansı səbəbdən bu addımı atması hələlik məlum deyil. Vəzifəli şəxsin meyiti yaxınları tərəfindən tapılıb. Lerik Rayon İcra Hakimiyyətin hadisəni təsdiq edib.Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
Globalinfo.az bildirir ki, Modern.az hadisənin detallarını öyrənmək üçün Lerik rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov saytımıza açıqlamasında intihar edən icra nümayəndəsi ilə bağlı bunları deyib:
“Çox savadlı, ədəbli-ərkanlı, mədəni işçi idi. Eyni zamanda onun çox gözəl gənc ailəsi vardı. Onun digər işçilərlə, əməkdaşlarımızla problemi olmayıb. İntihar etməsinin səbəbini bilə bilmirik. Bu hüquq-mühafizə orqanlarının araşdırmasından sonra məlum olacaq. Heç ailəsi də nə üçün intihar etdiyini bilmir. Amma narahatçılıq heç vaxt sezməmişik. Onun iş yeri kəndə yaxındır. Evə gedib, sonra qayıtmayıb”.
Qeyd edək ki, mərhum Şəfiq Əliyev ailəli olub, 1 uşağı var.