Rusiya bunu sülhməramlı kontingentin əvəzində istəyir – Politoloqdan sensasion açıqlamalar

“Zəngəzur dəhlizinin açılmasında Rusiya tərəfinin Azərbaycandan daha artıq maraqlı olması hamıya məlumdur. Mütəxəssislər bunu Rusiyaya Rusiya-Ukrayna müharibəsi nəticəsində tətbiq olunan sanksiya ilə əlaqələndirirlər”.

Bu sözləri politoloq Əlimusa İbrahimov Globalinfo.az-a bildirib.

“Məlumdur ki, bu üzücü müharibə başa çatdıqdan sonra belə sanksiyalar uzun müddət Rusiyanın üzərindən götürülməyəcək. Rusiya bu dəhliz vasitəsi ilə özünü zəruri məhsullarla təmin edəcək. Təbii ki, bu səbəb Rusiyanın Zəngəzur dəhlizinin məhz Azərbaycanın şərtləri çərçivəsində fəaliyyətə başlamasında maraqlı olması üçün yetərlidir”, – deyə o qeyd edib.

Ə.İbrahimovun sözlərinə görə, Rusiyanın dəhlizin açılması üçün ciddi israrının səbəbi təkcə bu deyil:

“Məlum olduğu kimi 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata əsasən Rusiya Sülhməramlı Kontingenti 2025-ci ildə fəaliyyət müddətini başa vurur. Bu müddətin uzadılması Rusiyanın regionda mövcudluğu üçün həyatı əhəmiyyət daşıyır və Azərbaycanla Ermənistana qarşı ən tutarlı təsir mexanizmidir. Qarabağ torpaqlarının erməni işğalından azad olunmasından sonra Rusiyanı Cənubi Qafqazda möhkəmləndirən ən ciddi arqument  onun burada yerləşdirdiyi sülhməramlı kontingentidir.

Məhz buna görə də hazırda Kreml sülhməramlıların mandatını əldə etməklə regiondakı mövcudluğunu möhkəmləndirməyə və uzatmağa çalışır. Amma orada artıq hiss edirlər ki, sülhməramlı kontingenti bölgədə beş ildən artıq saxlamaq Rusiya üçün çox çətin olacaq. Bəlkə də heç mümkün olmayacaq. Çünki, Azərbaycan tərəfi Rusiya hərbçilərinin sülhməramlı geyimində bölgədə qalmasının müddətini uzatmaqda qəti maraqlı deyil. Sülhməramlılar missiyalarına aid olmayan hər işlə məşğuldur və onların qanunsuz əməlləri barədə sübutlar təqdim etməkdən Azərbaycan tərəfi yorulub. Onlar hazırda az qala Qarabağda ilişib qalan erməni tör-töküntüləri qədər başağrısıdır və Azərbaycana qarşı ikinci cəbhə funksiyası daşıyır”.

Siyasi şərhçi həmçinin bildirib ki, sülhməramlıların fəaliyyətinin bitməsi Rusiyanın Azərbaycan üzərində təsir mexanizminin tamamilə itirilməsi, Ermənistan üzərində isə 102-ci hərbi bazasını nəzərə aldıqda yarıbayarı azalmasına bərabər olacaq:

“Belə olan halda, Zəngəzur dəhlizi Rusiya üçün sülhməramlıların çıxarılması nəticəsində itirdiyi mövqeyini qaytarmağa və hətta daha da gücləndirməyə imkan yaradacaq. Dəhliz vasitəsi ilə Ermənistanın Rusiya, Türkiyə, Azərbaycan, Avropa, Yaxın və Uzaq Şərqə qapıları açılacaq. Bu dəhliz vasitəsi ilə daşınan mallardan əldə olunan vəsait Ermənistan büdcəsini nəzərəçarpacaq dərəcədə vəsaitlə təmin edəcək. Rusiya nəqliyyat daşımalarından əldə olunan gəliri heç şübhəsiz Ermənistanla böləcək. Çünki dəhlizin hərbi-siyasi əhəmiyyəti Rusiyanı tam qane edir və üstəlik sanksiyaların yaratdığı problemləri ciddi şəkildə aradan qaldırır. Nəqliyyat dəhlizi vasitəsi ilə mal daşınmaları vüsət aldıqca Ermənistan daha çox bu dəhlizdən və onun vasitəsi ilə Rusiyadan asılı vəziyyətə düşəcək”.

Ekspert qeyd edib ki, Azərbaycana gəldikdə isə, o da Naxçıvan, Türkiyə, Avropa, Orta Asiya, Yaxın və Uzaq Şərqlə nəqliyyat əlaqələrinə malik olduğuna görə Rusiya ilə normal münasibətlər saxlamağa daha çox maraqlı olacaq:

“Amma Rusiya sülhməramlı kontingentinin artıq bölgədən çıxarılacağını nəzərə aldıqda Azərbaycanın Rusiya ilə əlaqələri iki müstəqil dövlətin qarşılıqlı faydalı siyasi-iqtisadi münasibətlərinə çevriləcək. Nəticədə Zəngəzur dəhlizinin Azərbaycan və Rusiyanın nail olmağa çalışdığı şərtlər daxilində fəaliyyətə başlaması Azərbaycan, Rusiya və Ermənistanı iqtisadi və siyasi zəminlər altında bir-birinə daha çox bağlamaqla yanaşı, Türkiyə, İran, Gürcüstan üçün də bu münasibətlərdən faydalanmaq üçün geniş imkanlar yaradacaq. Rusiya sülhməramlı kontingentinin bölgədən çıxarılması isə region dövlətləri arasında hərbi qarşıdurmanı azaldacaq və uzunmüddətli sülhün bərpası üçün zəmin yaradacaq”.

Ə.İbrahimov hesab edir ki, bu perspektivləri dərindən başa düşən Rusiya ciddi-cəhdlə Zəngəzur dəhlizinin Azərbaycanın tələb etdiyi şərtlər daxilində fəaliyyət göstərməsi üçün var qüvvəsi ilə çalışır:

“Amma layihənin həyata keçirilməsində ən böyük maneə Ermənistandır. Dəhlizin Ermənistan büdcəsinə verəcəyi vəsaitin əhəmiyyətli dərəcədə olacağını başa düşməklə yanaşı, Rusiya ilə daha sıx bağlanmaq  perspektivi onu qorxudur. Digər tərəfdən, xaricdəki himəyadarları Paşinyanı bu addımı atmaqdan çəkindirirlər. İrəvan hələ ki, dirəniş göstərir. Sona qədər dayana biləcəkmi? Yaxın aylarda bu sualın cavabını tapa biləcəyik”.

Gülnar Səlimova

Globalinfo.az