WhatsApp Image 2024 08 06 at 15.45.03

Azərbaycan Ordusunun əsgərlərinin delimitasiya və demarkasiyadan sonra geri qaytarılan kəndlərimizdə istehkam işləri görməsi erməniləri heç bir səbəb olmadan panikaya salıb. Bildirilib ki, Azərbaycan Ordusunun 20 əsgəri Kirants yaxınlığında, sərhədin Azərbaycana aid olan hissəsində istehkam işləri aparır. Bu isə ermənilərdə “müharibəyə hazırlıq” kimi qiymətləndirilib və ya erməni mediası bu cür təqdim etməyə çalışıb.

Bu narahatlıqların səbəbi nədir ?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, müharibədən sonrakı dövrdə, delimitasiya məsələləri istiqamətində hələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmadığı, sərhəd qoşunları xidmət apara bilmədiyi üçün hər iki tərəf mühəndis istehkam işləri görür:

“Ermənistan mühəndis istehkam işləri ilə yanaşı həmin ərazilərdə ciddi formada bunkerlər tikir, dərinləşdirilmiş müdafiə xətləri qurur, atəş zolaqları yaradır. Azərbaycan da cavab əlaməti kimi bənzər addımlar atmalıdır. Ermənilər bütün dünyaya göstərirlər ki, rəsmi Bakı guya müharibəyə hazırlaşır. Ermənistan baş naziri Nikol Paşinyan başda olmaqla bir çox ölkə rəsmiləri beynəlxalq səviyyəli görüşlərdə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildirirlər. Dolayısı ilə belə bir fikir formalaşdırırlar ki, guya Ermənistan sülh müqaviləsinin imzalanmasına hazırdır, amma Azərbaycan müharibə istəyir”.

WhatsApp Image 2024 05 31 at 00.57.33

Səxavət Məmməd

Hərbi ekspertin sözlərinə görə, bu, informasiya müharibəsinin yeni növüdür:

“Sözügedən addımlar inandırmağa hesablanıb. Bu, NATO-nun yeni yanaşmasıdır. Hazırda Azərbaycan və Ermənistan arasında eskalasiya riski çox böyükdür. ABŞ, Fransa, Rusiya, İran və Türkiyə birmənalı şəkildə regionda sülhün yaranmasında maraqlı olduqlarını deyirlər. Bəs bu halda niyə sülh müqaviləsi imzalanmır? Hesab edirəm ki, çoxunun bu qəbildən yanaşması ictimaiyyətə hesablanmış açıqlamalardır. Əslində, sülhün əldə edilməsini istəmirlər. Tərəflərdən hansısa biri ciddi formada sülh istiqamətində addım atsaydı, bu proses qısa müddətdə reallaşardı. Görünür, nə Rusiya Cənubi Qafqazı Qərbə güzəşt etmək, nə də Qərb Cənubi Qafqazdan əl çəkmək istəyir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: