Yaxın günlərdə havaların kəskin soyuyacağı deyilir. Ölkə ərazisinə soyuq hava kütləsinin daxil olduğu, yağış yağacağı, bəzi ərazilərdə yağıntının qara keçəcəyi bildirilir.
Hər il payızda havanın temperaturunun qəfil düşməsi bir məsələni aktuallaşdırır: “Azəristiliktəchizat” ASC qrafikdənkənar fəaliyyətə başlayacaqmı? Azərbaycanda məktəblərə və digər obyektlərə istilik noyabrın 15-dən etibarən verilir. Soyuqlar tez düşsə, qar yağsa, tufan qopsa da “Azəristiliktəchizat” qazanxanalarını işə salmır. Noyabrın 15-ni gözləyir. Bu da narazılığa səbəb olur.
Hava oktyabrda soyuyursa, qar yağırsa, məktəblərə, yaşayış binalarına, xəstəxanalara vaxtından əvvəl istilik verilə bilərmi? Verilməlidirmi?
Globalinfo.az məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, Nazirlər Kabineti tərəfindən 5 sentyabr 2023-cü il tarixində qəbul edilmiş “İstilik enerjisindən istifadə qaydaları” haqqında qərara əsasən, Azərbaycanda 15 noyabr tarixində istilik mövsümü başlayır və aprelin 15-də yekunlaşır”.
Qurumdan verilən məlumata görə, istiliyin vaxtından öncə verilməsi hava şəraitinin necə keçməsindən asılıdır:
“Azərbaycanın 14 dağlıq və dağətəyi rayonunda istilik mövsümü noyabrın 1-i başlayır və mayın 1-i yekunlaşır. “Azəristiliktəchizat” ASC qərara əsasən, balansında olan qazanxanaları müvafiq olaraq məhz bu tarixdə işə salır. Əgər havanın temperaturu noyabrın 15-dən əvvəl, yəni sözügedən tarixdən daha öncə 5 gün ardıcıl olaraq 8 dərəcədən aşağı olarsa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin növbəti günlər üçün proqnozları da nəzərə alınmaqla qazanxanalar vaxtından tez işə salına bilər”.
Zaira Akifqızı
Globalinfo.az