Azərbaycan Milli Məclisinin deputatlarının Türkiyədə zəlzələdən əziyyət çəkənlərə generator alıb göndərməsi ictimaiyyətdə təqdir olunsa da, bəzi şəxslər bir neçə millət vəkilinin yardım kampaniyasına qoşulmadığını iddia ediblər.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Müşfiq Cəfərov deyib ki, Milli Məclisin hər bir üzvü qardaş ölkəyə imkanı çərçivəsində yardım edib.
O, deputatlarla yanaşı ailə üzvlərinin də yardım etdiklərini bildirib:
“Generatorların göndərilməsi ilə bağlı onu deyə bilərəm ki, bəli, Milli Məclisin hər bir deputatı bu addımı atdı. Aksiyaya hər kəs qoşuldu və müəyyən bir vəsait yığıldı. Doğrudan da hazırda orada generatora ehtiyac var. Bildiyimiz kimi, zəlzələ bölgəsində infrastruktur tamamilə dağılıb. Ona görə də generatorlar təcili şəkildə yola salındı.
Bununla paralel hər bir deputat öz imkanı çərçivəsində əlavə pul da köçürüb. Bir daha qeyd edirəm ki, istənilən halda generatorların alınması təşəbbüsünə bütün deputatlar qoşuldu. Lazımi sayda da alıb göndərmişik”.
Zaira Akifqızı
Globalinfo.az