Ermənistandan KTMT ilə bağlı növbəti addım: Mirzoyan qərar verdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT Nazirlər Şurasının qarşıdan gələn iclasında iştirak etməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

O bildirib ki, Mirzoyan KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iyunun 21-də Qazaxıstanın paytaxtı Almatıda keçiriləcək iclasına qatılmayacaq.

Qeyd edək ki, Qazaxıstanın sədrliyi ilə keçiriləcək iclasda KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin beynəlxalq prosesləri, regiondakı vəziyyəti, xarici siyasət sahəsində koordinasiyanın gücləndirilməsi mexanizmlərini müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, 2024-cü ilin fevralında Ermənistan KTMT-yə üzvlüyünün dondurulduğunu elan edib. İyunun 12-də baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı Ermənistanın gələcəkdə KTMT-dən çıxması ehtimalını istisna etməyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az