Ermənistanda ötən gün istefa verən nazirə cinayət işi açıldı

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyana qarşı cinayət işi açılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Sabiq nazirə qarşı irəli sürülən maddə barədə məlumat verilmir.

Ermənistanın İstintaq Komitəsi bundan əvvəl məlumat vermişdi ki, dövlət tender prosesində sui-istifadə halları ilə bağlı cinayət işi çərçivəsində 7 nəfərə, o cümlədən iqtisadiyyat nazirinin müavininə, iri İT şirkəti “Synergy”nin rəhbərinə qarşı ittiham irəli sürülüb. Həmin qalmaqala görə Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan həbs olunub.

Kerobyan 2020-ci ilin 26 noyabrında iqtisadiyyat naziri təyin olunub. Son günlər İqtisadiyyat Nazirliyinin qalmaqallı hadisələrdə adının hallanması ilə əlaqədar Kerobyanın istefa verməsi ehtimalı irəli sürülüb və o ötən gün vəzifəsini tərk edib.