Ermənistan bununla razılaşdı – Spikerin açıqlamaları sülh mesajıdır?

Ermənistan Parlamentinin spikeri Alen Simonyan Türkiyəyə səfərində İrəvanın Azərbaycanla sülhə hazır olduğunu, amma bunun Türkiyənin iştirakı olmadan mümkün olmayacağını söyləyib. O, həmçinin Azərbaycanla Türkiyə arasında gediş-gəlişin Ermənistan ərazisindən həyata keçirilməsində problem olmadığını bildirib.

Bəs hazırkı sülh prosesilə bağlı danışıqlar fonunda Simonyanın bu çıxışı necə qiymətləndirilməlidir?

Mövzunu Globalinfo.az –a şərh edən Milli Məclisin deputatı Naqif Həmzəyev spikerin açıqlamalarında təzadların olduğunu bildirib:

“İrəvan rəsmiləri ötən üç ilə yaxın müddətdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesinin həyata keçirilməsilə əlaqədar müxtəlif açıqlamalar səsləndiriblər. Onlar özlərini sülhəmeyilli, “mələk” qismində təqdim edirlər. Amma təəssüf ki, Ermənistan verdiyi vədləri çox zaman yerinə yetirmir. Bunun əvəzində müxtəlif təxribatlar törədərək sülhə gedən yolda maneələr yaradırlar. Alen Simoyanın Türkiyə səfəri zamanı verdiyi açıqlamalarda da müəyyən təzadlar var. Yenə də bu fikirləri nəzərdən keçirən zaman Ermənistan tərəfinin danışıqlar prosesindəki nitqində müəyyən qədər yumuşalmanın olduğunu görürük. Xüsusilə Avropa İttifaqının mülkü müşahidə missiyasının Azərbaycan və Ermənistan sərhədlərinə gəlməsindən sonra onların ritorikasında dəyişiklik, “cəsarət” hiss olunurdu”.

Millət vəkili Ermənistanın son zamanlarda sülh prosesi ilə bağlı addımlarının özünü doğrultmadığını, getdikcə təkləndiyini söyləyib:

“Ancaq son açıqlamalara əsasən İrəvan anlayıb ki, istənilən bir qüvvəni prosesə cəlb etsələr də sadəcə bir reallıq var. Azərbaycan regionda söz sahibidir, ABŞ, Çin, Rusiya kimi ölkələr, həmçinin Avropa İttifaqı Ermənistana görə Azərbaycanla münasibətlərini gərginləşdirmək istəməyəcək. Əksinə, onlar rəsmi Bakını regionda əsas tərəfdaş olaraq qəbul edirlər. İran Ermənistanı açıq şəkildə dəstəkləsə də, son dövrlərdə Tehran tərəfində də müəyyən yumşalmalar hiss olunur. Yəni Ermənistanın son zamanlar həyata keçirmək istədiyi heç bir plan özünü doğrultmadı. Nəticə etibarı ilə İrəvan bu gedişlə təklənir və Azərbaycanla münasibətlərini normallaşdırmaqdan başqa çıxış yolunun qalmadığı açıq şəkildə görünür.

Azərbaycanın strateji müttəfiqi Türkiyənin də regionda, ümumiyyətlə qlobal məkanda söz sahibi olması Ermənistanı daha çətin vəziyyətə salır. Bu baxımdan Simonyanın açıqlamalarını müəyyən dərəcədə səmimi qəbul etmək olar. Amma istənilən halda onun səsləndirdiyi fikirlərə güvənmirəm. Çünki bu günə kimi verilən açıqlamalara uyğun hərəkət edilməyib. Sadəcə sülh müqaviləsinin imzalanar, Ermənistan tərəfi vədlərinə əməl edərsə, onda İrəvan rəsmilərinin səsləndirdiyi fikirləri ciddi və real qəbul edə bilərik”.

Naqif Həmzəyev: “Qobu Park-3” dövlət qayğısının daha bir nümunəsi oldu
Naqif Həmzəyev

N.Həmzəyev Zəngəzur dəhlizinin fəaliyyətinin Ermənistan iqtisadiyyatının inkişafı üçün də faydalı olacağını bildirib:

“Azərbaycan öz mövqeyində qətidir. Düşünürəm ki, tezliklə Ermənistan Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülh müqaviləsinin imzalanmasına razılıq verəcək. Sonrakı proseslərdə də Azərbaycan diplomatiyasının qələbəsinin şahidi olacağıq. Əslində Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması və Bakının buna qədərki sülhəməcburetmə siyasətinin mərhələli şəkildə icrası Azərbaycan diplomatiyasının qələbəsinin bariz nümunəsidir. Biz proseslərin tezliklə Azərbaycanın istədiyi məcrada cərəyan edəcəyinə inanırıq. Hesab edirəm ki, 2024-cü ildə Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq, bütün kommunikasiyalar təmin olunacaq. Bu Ermənistan üçün də çox əhəmiyyətli və faydalı olacaq. Nəticədə bu ölkə Azərbaycan və Türkiyə vasitəsilə iqtisadiyyatını gücləndirə biləcək”.

Ayşən Mustafa
Globalinfo.az