Ərdoğan və Blinken görüşünün gizli məqamları – ABŞ-ın Türkiyə ilə bağlı bu planları var

ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərqdə vəziyyətin gərgin olması fonunda Türkiyəyə səfər edib. Əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidanla, sonra isə prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

ABŞ dövlət katibi Yaxın Şərqə səfəri çərçivəsində ilk dəfə Türkiyəyə səfər edir. Müzakirələr daxilində, Rusiya-Ukrayna müharibəsi, İsveçin NATO-ya üzvlüyünün başa çatması və Vaşinqtonla Ankara arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsi müzakirə edilib.

Sözü gedən məsələlərdə Ankaranın rolu hansı səviyyədədir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov qeyd edib ki, E.Blinken Yaxın və Orta Şərqə son 3 ayda 4-cü səfərini həyata keçirib:

“Bu səfər bir həftə davam edəcək. Türkiyə və Yunanıstandan sonra İordaniya, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfəri olacaq. Səfər marşrutuna baxdıqda məlum olur ki, müzakirə olunacaq məsələlərə İsrail-Fələstin münaqişəsi, Qəzzada baş verən proseslər daxildir. Bu onun Türkiyəyə ikinci səfərdir”.

Sultan Zahidov

Politoloqun fikrincə, noyabrdakı görüşlər gərgin münasibətlər dövrünə təsadüf etdiyindən o, yalnız Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşmüşdü:

“Blinkenin bu səfərinin 3 istiqaməti var idi. Birincisi, eskalasiyanın daha da genişlənməsinin qarşısının alınması. İkincisi, humanitar böhran vəziyyətinin aradan qaldırılması. Üçüncüsü isə post-münaqişə dövründə vəziyyətin müzakirəsi. Entoni Blinkenin açıqlamasından da məlum oldu ki, Türkiyə deeskalasiyada maraqlıdır.

Digər tərəfdən, ABŞ-ın Qəzza münaqişəsi bitdikdən sonra Türkiyənin post-münaqişə dövründə fəal olmasını istədiyi aşkara çıxdı. Diqqət çəkən əsas məqam isə odur ki, ABŞ münaqişə arealının daha da genişlənməsində və eskalasiyada maraqlı deyil”.

Ekspert deyib ki, müzakirə olunan məsələlər daxilində İsveçin NATO-ya üzvlüyü və “F-16”-ların verilməsi də var idi:

“Düşünürəm ki, bu iki məsələ də bir-biri ilə əlaqəlidir. ABŞ “F-16”-larla bağlı yaşıl işıq yandırdığı təqdirdə İsveçin NATO-ya üzvlüyü məsələsində rəsmi Ankara yekun qərarını verəcək”.

Safura Bənnayeva
Globalinfo.az