“Tehran Vaşinqtonla bağlı Fars körfəzi ölkələrinə xəbərdarlıq edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, İranın mesajı birmənalı olub:
“Əgər ABŞ İranın infrastrukturuna zərbə endirsə, Tehran buna cavab olaraq Fars körfəzindəki enerji obyektlərini və regiondakı digər hədəfləri vuracaq”.
Məlumata görə, bu xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın son bəyanatlarından sonra yüksək səviyyəli diplomatik təmaslar zamanı çatdırılıb.
İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərdən olan həmkarları, həmçinin Pakistan Silahlı Qüvvələrinin baş komandanı ilə danışıqlar aparıb.
O, həmin ölkələri Vaşinqtona təsir göstərərək Trampı yeni hücumlardan çəkindirməyə çağırıb.
Əraqçi bildirib ki, İrana qarşı istənilən hücum ABŞ-ın regiondakı maraqlarına və Fars körfəzində yerləşən enerji obyektlərinə cavab zərbələri ilə qarşılanacaq.
“Biz cavab verməyə hazırıq. Lakin daha geniş eskalasiya və regionda dağıntıların qarşısını almağın ən yaxşı yolu diplomatik həll yoludur”, – deyə İranın xarici işlər naziri vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Donald Tramp bildirmişdi ki, əgər Hörmüz boğazı bağlanarsa, ABŞ İrana qarşı İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasda zərbə endirməyə hazırdır.
Əliyar Xəlil
Globalinfo.az