Elton Məmmədov namizədliyinin ləğv edilməsindən danışdı: “MSK və icra başçısı…”

Elton Məmmədov namizədliyinin ləğv edilməsindən danışdı: “MSK və icra başçısı...”

“Mənim namizədliyimin ləğv edilməsindən xəbərim yoxdur”.

Bu sözləri Globalinfo.az-a 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olan Elton Məmmədov deyib.

O, namizədliyinin saxtakarlığa görə ləğv edilməsi ilə bağlı yayılan xəbəri təkzib edib.

Bildirib ki, heç bir saxtakarlıqdan söhbət gedə bilməz:

“Sizcə, dövlətə və dövlət başçısına qarşı saxta siyasət həyata keçirə bilərəm?! Açığı, xəbəri sizdən eşidirəm. Yəqin, bu qərarı Mərkəzi Seçki Komissiyasının rəhbəri və Ucar rayon icra başçısı verib. Mənim heç nədən xəbərim yoxdur. Mənə qarşı saxtakarlıq olduğu üçün əslində, namizəd olaraq mən xəbərdar olmalıyam. Namizədliyim mənə xəbər verilmədən ləğv edilibsə, deməli, hüququm pozulub. Hüququmun pozulması haqda gərək addım atım”.

Məsələ ilə bağlı MSK-ya sorğu ünvanladıq.

Sorğuya cavab olaraq Elton Məmmədovun namizədliyinin ləğv edildiyi bildirilib:

“Bu gün MSK iclasında 94 saylı Ucar seçki dairəsindən bir qrup seçicinin müraciətinə baxıldı. Müraciət əsasında araşdırma aparıldı və məlum oldu ki, Elton Məmmədov tərəfindən təqdim olunan sənədlərdə saxtalaşdırmalar var. Xüsusilə də əmlak haqqında məlumatlar düzgün deyil, saxtalaşdırılaraq təqdim olunub. Eyni zamanda təqdim etdiyi imzalar arasında da etibarsız imzalar mövcuddur”.

Zaira Akifqızı
Globalinfo.az