
Müğənni Elşad Qarayevlə şair-jurnalist Anar Vəziroğlu arasında efirdə mübahisə yaşanması hələ də müzakirə edilir. Hadisə sosial şəbəkələrdə paylaşılır, iki tanınmış şəxsin arasındakı söz davası haqda müxtəlif şərhlər yazılır.
Xatırladaq ki, müğənni ilə şair arasında qalmaqal ATV kanalında yayımlanan “Gün Ortası” verilişində olub. Aparıcının Elşad Qarayevə ünvanladığı “ömrünüzün hansı mərhələsini yaşayırsınız?” sualına Anar Vəziroğlu ironiya ilə “uşaqlıq mərhələsini yaşayır” deyib. E.Qarayev A.Vəziroğlunun bu atmacasından sonra özündən çıxıb. “Məni belə adamlarla efirə çağırmayın” deyərək, etiraz bildirib.
Adətən şou-proqramlarda belə “qalmaqallar” öncədən planlaşdırılır. Məqsəd daha çox tamaşaçı qazanmaq olur. Bu, əvvəldən hazırlanan ssenaridir, yoxsa təsadüf?
Globalinfo.az-a danışan Anar Vəziroğlu baş verənlərin real olduğunu deyib. Onun sözlərinə görə, ssenari təklif olunsa da, o, qəbul etməyib:
“Bu vaxta qədər heç bir yerdə ssenari üzrə çıxışlar etməmişəm. Zümrüd xanımın verilişində layihə rəhbəri Pənah bəy mənə yaxınlaşıb təklif etdi ki, belə bir məsələ olacaq, siz də bu cür cavab verərsiniz. Buna qəti razı olmamışam, mənə heç kim istiqamət verə bilməz. Müğənni özü nəyəsə görə ağzına gələni danışdı. Yəqin düşünüb ki, Anar ona cavab verə bilməyəcək. Kimsədən qorxacağım, çəkinəcəyim yoxdur”.

Anar Vəziroğlu
A.Vəziroğlu deyib ki, ona daha öncə də efirdə “dava” yaratmağı təklif ediblər:
“Başqa efirlərdə də ekspert mənə yaxınlaşıb ssenari üzrə “dava” yaratmağı təklif edib. Qəti razı olmamışam. Çünki bir adam xoşuma gəlmirsə, onu tərifləyə bilmərəm. Yaxud niyə durduğum yerdə kiminləsə mübahisə edim?! Qarşı tərəfin nə etməsi isə mənə maraqlı deyil. Şou yaratsa da, yaratmasa da özü bilər. Baxın, Rəvan Qarayev (Elşad Qarayevin oğlu-red.) efirdə yox idi, amma ondan xoşum gəldiyini dedim. Bu adam mənə görə sadəcə toy müğənnisidir, oğlu isə elə deyil. 28 yaşımdan, hələ SSRİ dövründən redaktor olmuşam. Deyir, efirə nə vaxt çıxmısan?!”
Müsahibimiz müğənni ilə efirdən sonra danışmadığını da vurğulayıb:
“Efirdən sonra danışmadım, küsdüyüm adamlarla barışmıram. Davadan sonra gedib həmin adamın əlini sıxmaq, barışmaq və sair kimi davranışlar mənə yaddır. Vəkil Şəfiqə Nağıyeva ilə də mübahisəmiz olmuşdu. O zaman Lalə Azərtaş mənə barışmağı təklif etdi, lakin razı olmadım. Şəfiqə xanım gülü təqdim edəndə də dedim ki, bütün söz-söhbətimiz bundan sonra başlayır. Dalaşıramsa, məndə barışmaq söhbəti olmur”.
Zaira Akifqızı
Globalinfo.az