DYP sürücülərə müraciət etdi – YENİLƏNİB

Hazırda respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar paytaxt ərazisində, eləcə də ölkənin avtomobil yollarında duman müşahidə edilir.

Bu barədə Globalinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən(BDYPİ) məlumat verilib.

Bildirilib ki, dumanlı hava səbəbindən yollarda yaranan məhdudiyyətli görünmə nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir.

Piyadalar da dumanlı hava şəraitində​ sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha məsuliyyətli olmalıdırlar.

***09:30

“Bütün hərəkət iştirakçılarını yollarda son dərəcə diqqətli və təmkinli olmağa çağırıq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin çağırışında qeyd edilib.

“Baş vermiş zəlzələdən sonra küçə və prospektlərdə hərəkətliliyin daha da artdığını nəzərə alaraq polis əməkdaşları zəruri tədbirləri ərazi üzrə, eləcədə yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyini tam gücləndirilmiş qaydada nəzarət altında tənzimləyir”, – məlumatda deyilir.