Dünya bir müddət internetsiz qalacaq? – İnsanlar təşvişdə

Yəməndəki husi qiyamçıları Qırmızı dənizdə Asiya, Avropa və Afrikanı birləşdirən beynəlxalq sualtı kabel şəbəkəsini zədələyiblər. Bu, qlobal internet xətlərinin müdafiəsiz olması haqda fikirlərin səsləndirilməsinə səbəb olub. Hətta dünyanın bir müddətlik internetsiz qalması ehtimalı müzakirə edilib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, üsyançıların Qırmızı dəniz boyunca uzanan qlobal interneti və rabitəni təmin edən üç kabeli bir anda kəsdikləri bildirilir:

“Onlardan ən böyüyü “China Unicom” tərəfindən 2017-ci ildə istifadəyə verilmiş Asiya-Afrika-Avropa-1 (AAE-1) dir. Hansı ki, Sinqapuru Yaxın Şərq və Cənubi Avropa ilə birləşdirir. AAE-1 saniyədə 40 terabit məlumat ötürür. Böyük Britaniya və Körfəz monarxiyaları tərəfindən idarə olunan, saniyədə 4 terabit olan Avropa-Hindistan-Gateway kabeli də təsirə məruz qalıb”.

Ekspert qeyd edib ki, dünya ölkələrini təmin edən internet xətlərinin müdafiəsi xüsusi orqanların maraq dairəsindədir:

“Bu isə o deməkdir ki, riskləri öncədən hesablanır və qısa zamanda problemin həll edilməsi üçün alternativlər tətbiq edilir. Qlobal internet təminatını həm fiziki xətlər, həm də radiodalğalar vasitəsilə təmin etmək olur. Ümumiyyətlə, kiçik, orta şirkətlərdə olduğu kimi, nəhəng şirkətlərin də alternativ internet imkanları mövcud olur”.

Safura Bənnayeva
Globalinfo.az