Deputatın səfirliyi ittiham etməsinə reaksiya: “anti-Azərbaycan xətti Fransanın dövlət siyasətidir”  

Son zamanlar Milli Məclisin deputatları və ayrı-ayrı ekspertlər tərəfindən Fransadakı diplomatik korpus sərt tənqid olunur. 

Milli Məclisin iclasında deputat Fazil Mustafa Fransa Senatının Azərbaycan əleyhinə qətnaməni az qala yekdilliklə qəbul etməsini Azərbaycan diplomatiyasının uğursuzluğu kimi qələmə verib:

“İstər Fransa, istər Belçika, istər Almaniya və ya digər ölkələr olsun, necə olur ki, bir parlamentdə 256 nəfər Azərbaycanın əleyhinə səs verir, bir nəfər belə Azərbaycanın lehinə çıxmır? 30 ildir, orada diplomatik korpusumuz fəaliyyət göstərir. Yəni bu səfirlərin bir, iki şəxsi dostu, münasibət quracağı 5-6 adam da yoxdur? Yəni hamı ermənilərin təsiri altındadır? Ermənilər kimi kiçik bir xalq hamını ələ alıb? Bu, inandırıcı gəlmir. Biz özümüzə aid olan bir sıra məsələləri həll etmədiyimizə görə problemlər yaşayırıq. Bir çox halda bu sahədəki bəzi insanlar qabiliyyətinə görə yox, qabiliyyətsizliyə görə irəli, daha yuxarı vəzifələrə çəkilir”, – deyə deputat diqqətə çatdırıb.

Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli bildirib ki, ermənilər miqrasiya məsələsində ABŞ-dan sonra ikinci Fransanı mərkəz seçiblər:

“Erməni məsələsi San Stefano, Berlin sülh müqavilələrində ilk dəfə XIX əsrdə beynəlxalq qarşıdurmanın predmetinə çevrilərək Böyük Britaniyanın, Osmanlı dövlətinin, Çar Rusiyasının, ABŞ-ın, Fransanın bölgədəki fəaliyyətlərinin bir növ minasını təşkil etdi. Bütün XX əsrin əvvəli boyunca erməni diasporu Fransada ciddi iş gördü. Fransanın ermənilərdən ibarət çox güclü anti-türk koalisiyası var. Bu gün 10 milyon ermənidən 8 milyonu ölkədən kənarda yaşayır. Bütövlükdə, erməni kimliyinin ideoloji olaraq inşa olunması Türkiyənin üzərindən quruldu. 1915-ci il olayları, onun ardınca 1975-ci ildə bu prosesləri yenidən gündəmə gətirdilər və 2011-ci ildə Fransa parlamentində qondarma soyqırımı tanıdılar. Sonra bunu davam etdirərək, kim bununla bağlı əks fikir deyirdisə, 45 min avro cərimə edilirdi”.

Politoloqun sözlərinə görə, Qarabağ hadisələrindən sonra erməni lobbisinin ikinci nəfəsi açıldı:

“Onlar Qarabağla bağlı çox ciddi şəkildə BMT çərçivəsində, Fransa mediasında böyük işlər görə bildilər. Fransanın Türkiyə əleyhinə bir siyasəti (Liviya, Şərq Aralıq dənizi məsələləri və NATO daxilində qarşıdurma) var və PKK-dan, Yunanıstandan Türkiyə əleyhinə necə istifadə edirdisə, Ermənistandan da istifadə edə bilər”.

Ə.Əlibəyli Fransada qeydiyyatdan keçən 575 erməni dərnəyinin anti-türk və anti-müsəlman qruplar olduğunu qeyd edib:

“II Qarabağ müharibəsi zamanı biz gördük ki, onlar dəhşətli dərəcədə gücə malikdirlər. Erməni diasporu hətta prezident seçkilərinə də müdaxilə etməyi bacarır. İndi anti-Türkiyə və anti-Azərbaycan xətti Fransanın dövlət siyasətidir. Burada hansısa kadrı seçmək indiki vəziyyətdə çox çətindir.

Fransa Ermənistan adı ilə həm də erməni lobbisinə çox ciddi dəstək verir ki, Azərbaycan və Türkiyəyə qarşı bölgədə daha çox arqument istifadə etsin.   Fransanın bu mövqeyi hərbi olaraq bölgəyə gəlməkdən ibarətdir. Bir çoxları Rusiyanın Ukrayna bataqlığından çıxa bilməyəcəyini güman edir və bu, həmin o təfəkkürün məhsuludur”.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Globalinfo.az-a hal-hazırda bu məsələyə dair hər hansı bir şərhin olmadığı və məlumat olarsa mətbuata bu haqda açıqlama veriləcəyi bildirilib.

Gülnar Səlimova,

Globalinfo.az