Xəbər verdiyimiz kimi, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsinə reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib. Bəzi ekspertlər prosesin pərdəarxasında İranın olduğunu iddia edir.
Maraqlıdır, bu nə dərədəcə doğrudur? HƏMAS-a İran dəstək verirsə, bu, Azərbaycan-İran münasibətlərinə təsir edə bilər?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan bütün münaqişələrin həllində beynəlxalq hüququn prinsiplərini vacib sayır:
Qabil Hüseynli
“İsrail bizə dost ölkə olmaqla yanaşı, müttəfiqimizdir. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da diplomatik-siyasi dəstəyini nümayiş etdirib. Bu gün İsrailə qarşı edilən xain hücuma görə biz də dəstəyimizi ifadə etməliyik.
İsrailin bu gün radikallara qarşı başlatdığı “Dəmir qılınc” antiterror əməliyyatı beynəlxalq hüquqa uyğundur. Çünki İsrailin ərazisinə qarşı bir hücum aktı qeydə alınıb. Mülki şəxslər qaçırılıb, həyatını itirib. Mütləq buna cavab verilməli idi.
Hazırkı prosesin pərdəarxasında İranın olması mümkündür. Çünki HƏMAS-la İsrail arasında gərginliyin artmasında İran hər zaman maraqlı olub. Bundan başqa Tehran HƏMAS-a dəstək verən ölkələrdəndir. Lakin bu məsələnin İran-Azərbaycan münasibətlərinə təsir edəcəyini düşünmürəm.
Məsələ ondadır ki, İsrail hələlik hadisə ilə bağlı İranı ittiham etmir. Başladılan antiterror əməliyyatları da HƏMAS-a qarşıdır. Azərbaycan da məsələyə rəsmi mövqe bildirməyib. Ortada Tehran-Bakı münasibətlərini zədələyəcək məqam yoxdur.
Lakin bununla belə İsrail əməliyyatları genişləndirərsə, Türkiyə məsələyə reaksiya verə bilər. İsrail-Türkiyə münasibətlərinin yenidən gərginləşməsi Bakının maraqlarına uyğun deyil”.
Turan Rzayev
Globalinfo.az