ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrailin Vaşinqtondakı səfirləri arasında telefon danışığı baş tutub. Söhbət zamanı atəşkəsin əldə olunması və bu istiqamətdə diplomatik səylər müzakirə edilib. Həmçinin tərəflər ABŞ-ın vasitəçiliyi ilə çərşənbə axşamı Dövlət Departamentində ilk görüşün keçirilməsi barədə razılığa gəliblər.
Livan dövləti ilə İsrail arasındakı əsas problem “Hizbullahdır”. Təşkilat hər iki ölkə üçün təhdid yaradır. “Hizbullah” Livanda sabitliyi pozan, dövlət içində dövlətə çevrilmiş bir qruplaşmadır. Hətta rəsmi Beyrutun “Hizbullah”la mübarizə aparacaq yetərli gücü yoxdur.
İsrail üçün isə “Hizbullah” İranın regiondakı proksi qüvvəsidir. Qruplaşmanın regiondakı mövcudluğu Təl-Əviv üçün strateji təhlükəsizlik problemidir.
İsrail ilə Livan arasında əldə olunacaq atəşkəs böyük ehtimalla müvəqqəti xarakter daşıyacaq. İslamabadda baş tutan İran–ABŞ danışıqları müddətində Vaşinqton bölgədə əlavə gərginlik yaşanmasını istəmir. Lakin danışıqların nəticəsindən asılı olaraq hərbi əməliyyatlar yenidən intensivləşə bilər.
Təl-Əviv indiki mərhələdə Beyrut ilə ortaq məxrəcə gəlməli, hətta “Hizbullah”a qarşı birgə hərbi əməliyyat variantını nəzərdən keçirməlidir. Əks təqdirdə Təl-Əviv əməliyyatları daha sərt və nəzarətsiz formada davam etdirə bilər ki, bu da gələcəkdə “Hizbullah”dan təmizlənən Livan ərazilərinin İsrail tərəfindən ilhaqı riskini yaradar.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı