Türkiyə xarici işlər naziri Hakan Fidanın Çinə 3 günlük səfəri zamanı Sincan-Uyğur Muxtar Bölgəsinin (Doğu Türküstan) paytaxtı Uruçiyə getməsi, orada məscidə baş çəkməsi və bazarda uyğurlarla fikir mübadiləsi aparmasını müsbət qiymətləndirirlər.
Pekin uyğurlara qarşı tətbiq etdiyi sərt siyasətdən, zorakı qaydaların tətbiqindən imtina edə bilərmi? Ankara ilə Pekin aradında uyğurlarla bağlı nə kimi anlaşma var?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Türkiyə-Çin münasibətləri ABŞ-ın rəsmi Ankara üzərindəki dominantlığı fonunda qiymətləndirilməlidir:
“2015-ci il hadisələrindən sonra Türkiyə ilə Çin arasında birbaşa əlaqələr elə bir mərhələyə gəlib çıxdı ki, iki ölkənin ticarət həcmi təxminən 43 milyard dollara çatdı. Bu dövriyyədə daha çox Çin Türkiyəyə ixrac edir. Amma Ankara indi ortaq istehsala yönəlməyə çalışır. Bununla da çinli turistləri Türkiyəyə gətiməkdə maraqlıdır. Eyni zamanda “Bir kəmər, bir yol” Çinin ən önəmli layihəsidir. İki tərəfin bir-birinə ehtiyacı üst səviyyəyə qalxıb. Rəsmi Pekin çalışır ki, telekommunikasıya və 5G kimi texnologiyaları Türkiyəyə gətirsin. Birgə əsas xətlər təşkil edilməlidir. Bu kontekstdə atılan fundamental addımlara da əsaslar tapılmalıdır. Bunlardan biri Türk Dövlətləri Təşkilatıdır. İkincisi isə Çinin daxilində türk-islam mədəniyyətinin mövcud olması faktıdır”.
Siyasi şərhçinin sözlərinə görə, iki tərəf arasında əməkdaşlıq istiqamətində geniş həcmdə, əhəmiyyətli addımlar atılacaq:
“Bu fonda Türkiyənin Çinin ərazi bütövlüyünü tanıması, ərazisinə sayğı göstərməsi, terrora dəstək verməməsi aradakı münasibətlərin səmimi forma almasına səbəb olur. Beləliklə, Pekinin narahatlığına əsas qalmadı”.
Safura Bənnayeva
Globalinfo.az