Hizbullah təmsilçisi Qəzzada münaqişənin gərginləşməsi barədə: “Böyük müharibə təhlükəsi realdır”

“İsrailin Qəzza zolağında dinc sakinləri qətlə yetirməsi Yaxın Şərqdə müharibənin genişlənməsinə səbəb ola bilər”.

Globalinfo.az BBC-yə istinadən xəbər verir ki, bunu Livanın Hizbullah radikal qruplaşmasının sədr müavini Şeyx Naim Qasım deyib.

“Bölgədə çox ciddi və təhlükəli hadisələr baş verə bilər və heç kim onun nəticələrinin qarşısını ala bilməyəcək”, – Şeyx Naim Qasım BBC müxbiri Orla Guerin-ə müsahibəsində deyib. Onlar Beyrutda söhbətləşiblər.

İranın dəstəklədiyi Hizbullah şiə qruplaşması Livanı faktiki olaraq idarə edir və onun lideri Həsən Nəsrullahın müavini Şeyx Qasım Yaxın Şərqdə ən nüfuzlu şəxslərdən hesab olunur.

Həmasın nəzarətində olan Səhiyyə Nazirliyinin məlumatına görə, müsahibənin götürüldüyü vaxtda Qəzza zolağında ölənlərin sayı 10 mini keçib.

Oktyabrın 7-də Həmas silahlıları Qəzzaya qonşu olan İsrail yaşayış məntəqələrinə və bazalarına hücum edərək 1000-i mülki olmaqla 1400 nəfəri öldürdükdən sonra İsrail Qəzzada hava hücumlarına və yerdə hərbi əməliyyatlara başlayıb.

“[Münaqişənin gərginləşməsi] təhlükəsi realdır, – Şeyx Qasım deyib.

“İsrail dinc əhaliyə qarşı aqressiyanı artırır və daha çox qadın və uşaq öldürür. Bölgəyə real təhlükə yaratmadan belə bir şey davam edə və intensivləşə bilərmi? Məncə yox”.

O bildirib ki, gərginlik artsa, bunun məsuliyyəti İsrailin üzərinə düşəcək. Hizbullah sözçüsü “hadisələrin hər yöndə inkişafına bir cavabın olduğunu” deyib.

Böyük Britaniya, ABŞ və Ərəb Liqası tərəfindən terror təşkilatı kimi təsnif edilən islamçı qrup Livandakı ən böyük siyasi və hərbi qüvvədir.

İndiyədək Hizbullahın Qəzzadakı müharibəyə cavabı İsrailin sərhəddə atəşlərinin artması ilə məhdudlaşıb.

İsrail hava və artilleriya zərbələri ilə cavab verir. İsrail ordusunun hesablamalarına görə, oktyabrın 7-dən indiyədək 70-ə yaxın Hizbullah silahlısı öldürülüb.

Bazar günü Livanın cənubunda İsrailin hücumunda bir qadın və üç uşağın həlak olmasından sonra Hizbullah münaqişədə ilk dəfə Qrad raketlərindən istifadə edərək, bir İsrail vətəndaşını öldürüb.

Hizbullah lideri Həsən Nəsrullah son müraciətində hədələyib ki, Livanda hər mülki şəxsin ölümü İsraildə sərhəddə bir nəfərin ölümü ilə cavablandırılacaq.

Ancaq o, İsraili genişmiqyaslı müharibə ilə hədələməyib.

“Müdafiə təşkilatı”

BBC müxbiri ilə müsahibə boyu Şeyx Qasım Hizbullahı müdafiə olunan tərəf kimi göstərməyə çalışıb, hərçənd, qruplaşma hədəfinin İsraili məhv etmək olduğunu bəyan edib və 2006-cı ildə sərhəd patruluna hücum vaxtı iki İsrail əsgərini qaçıraraq İsraillə böyük müharibəyə səbəb olub.

Hizbullah hesab edir ki, İsrail Qəzzaya qarşı iyrənc şəkildə hücuma keçib, – qrup rəhbərinin müavini deyib.

O, Həmasın oktyabrın 7-də İsrailə hücumunu “İsrailin Fələstin torpaqlarını işğalına qaçılmaz cavab” adlandırır.

Şeyx Qasım BBC-yə müsahibəsində bir çox israilli mülki vətəndaşın oktyabrın 7-də Həmas tərəfindən deyil, İsrail qüvvələri tərəfindən öldürüldüyünə dair təsdiqini tapmayan tezisini təkrarlayıb.

BBC müxbiri ondan Həmas silahlılarının dəbilqələrinə taxılan kameraların qeydə aldığı, mülki şəxsləri gülləbaran etmələri barədə görüntülərlə bağlı soruşduqda, o, cavabdan yayınıb.

“Baxın, görün İsrail Qəzza zolağında nə edir?” o deyib – “Onlar mülki insanları öldürür, evlərini dağıdırlar”.

O, Həmasın basqınını “Fələstinin müqaviməti üçün böyük nəticə” hesab edir və bunun nəticələrinin fələstinlilərin özlərinə daha çox zərbə vurması arqumentilə razılaşmır.

“İsrailin qırğınları fələstinliləri öz torpaqları üçün getdikcə daha çox səfərbər edir” deyir.

Hizbullahın imkanları

Şeyx İranın Hizbullahı dəstəklədiyini və maliyyələşdirdiyini etiraf edir, lakin Tehranın qruplaşmaya təlimatlar verdiyini, o cümlədən müharibəyə qoşulmaq tapşırığı verdiyini inkar edir.

Əgər bu baş verərsə və İsrail qüvvələri Hizbullahla ikinci cəbhədə müharibə aparmalı olsalar, əksər ölkələrdən daha çox silaha malik düşmənlə üz-üzə qalacaqlar.

Mütəxəssislərin fikrincə, Hizbullah, təxminən 150 min raketlə Həması kölgədə qoyur.

Qrupun sərəncamında həmçinin xüsusi təyinatlılar, nizami əsgərlər və ehtiyatda olan hərbçilər də daxil olmaqla 60 minə yaxın döyüşçü var.

Bunu onilliklər ərzində Hizbullahı tədqiq edən Beyrutdan olan hərbi ekspert Nikolas Blanford deyir.

Qrupun İsraillə müharibəsi 2006-cı ildə atəşkəslə başa çatdı və Livanda İsrailin itirdiyindən çox adam öldü. Livan tərəfində 1000-dən çox insan həlak oldu, əksəriyyəti mülki şəxslər idi. Hizbullahın əsas ərazilərində olan bütün məhəllələr yerlə-yeksan oldu. İsrail 121 əsgərini və 44 mülki vətəndaşını itirdi.

O vaxtdan bəri Livan böhrandan çıxmayıb: iqtisadiyyatın çöküşü, siyasi sistemin çöküşü və bütün bu bəlalara əlavə olaraq, 2020-ci ildə Beyrut limanında baş verən dağıdıcı partlayış.

Təəccüblü deyil ki, burada da az adam müharibəyə qoşulmaq istəyir.

Livanlıların çoxu Hizbullahın İsrail ərazilərini bombalaması nəticəsində ölkəni müharibəyə sürükləyəcəyindən qorxur. Şeyx Qasım bundan narahat deyil.

“Müharibədən qorxmaq hər bir livanlının haqqıdır”, – deyir. – Bu yaxşıdır. Heç kim müharibəni sevmir. Bu İsrail təşkilata deyin ki, təcavüzünü dayandırsın , o zaman döyüş zonası genişlənməyəcək”.

Əgər söhbət Hizbullahın da iştirak etdiyi böyük müharibədən gedirsə, o zaman Nikolas Blanfordun dediyi kimi, dağıntılar böyük olacaq.

“İndi Qəzzada baş verənlər parkda gəzinti kimi görünəcək” -, o BBC-yə deyib.

“İsrail əhalisinin əksəriyyəti bomba sığınacaqlarında oturmalı olacaq”, – o əlavə edib. Uçuşlar və dəniz əlaqələri olmayacaq. Hizbullah ən güclü raketləri ilə ölkənin hər yerində hərbi hədəfləri vura bilir”.

Buna cavab olaraq, İsrail, Blanfordun fikrincə, sadəcə olaraq bütün Livanı yerlə-yeksan edəcək.

Hələ ki, Hizbullah, İsrail və İran qəfil hərəkətlərdən çəkinməkdədir: köhnə düşmənlər, yeni reallıqları qiymətləndirirlər. Amma bu o demək deyil ki, müharibənin genişlənməsi baş verməyəcək – qəsdən olmasa da, kimlərinsə səhv qərarları nəticəsində.