“Bir qəza baş verəndə, sürücünün qadın olması təəssüf ki, xüsusi vurğulanır” – Günel Səfərova

Son dövrlərdə gender, ailə və demoqrafiya ilə bağlı mövzular üzrə çox sayda maarifləndirici tədbirlər həyata keçirilir. Bu mövzuların mətbuatda işıqlandırılması xüsusi diqqət mərkəzindədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-hökumət təşkilatları və müvafiq dövlət qurumları tərəfindən bu mövzuda çox sayda maarifləndirici təlimlər təşkil olunur.

Gender, ailə və demoqrafiya məsələləri mətbuatın həssas yanaşdığı mövzulardandır. Müşahidələr göstərir ki, bu istiqamətdə xəbərlərin doğru şəkildə işıqlandırılması, əlaqəli problemlərin həllində lazımı rol oynayır. Lakin məsələdə əsas məqam informasiyanın necə, hansı şəkildə işıqlandıırlmasıdır. Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatların nəticə olaraq ölkədə demoqrafik vəziyyət, ailə institutlarının sağlam formalaşması və gender məsələlərinin tənzimlənməsi istiqamətində müsbət tendensiya yaranıb.

Mövzunu Globalinfo.az-a şərh edən “Vətəndaş” Tədqiqat və İnkişaf” İctimai Birliyinin sədri Günel Səfərova bildirib ki, hazırda bu ən aktual məsələlərdən biridir:

Günel Səfərova

“Kütləvi İnformasiya vasitələrində qadınlarla bağlı məlumatların işıqlandırılması, hər hansı mənfi hal baş verdikdə bunun iştirakçısı olan qadının cinsi kimliyinin önə çəkilməsi və bu kimi hallar narahatlıq doğurur. Əgər hər hansı qəza baş verirsə, orada sürücünün qadın olması çox təəssüf ki, xüsusi vurğulanır. Yaxud hansısa idarəetmə strukturunda problem yaranarsa, rəhbərin qadın olduğu ayrıca qeyd edilir. Hesab edirəm ki, bunun qarşısını almaq üçün MEDİA və digər qurumlar kifayət qədər təlimlər keçirir, tədbirlər görürlər. Anlaşılandır ki, reytinq, müəyyən informasiyanı insanların diqqətinə çatdırmaq üçün müəyyən tələblər var. Lakin bunu gender həssaslığına uyğun şəkildə həyata keçirmək də olar”.

G.Səfərova bildirib ki, gender, ailə və demoqrafiya mövzularının işıqlandırılmasına diqqət edilməli, oxucu auditoriyası nəzərə alınmalıdır:

“Ümumiyyətlə məlumatların işıqlandırılmasında, istənilən informasiyanın çatdırılmasında gender həssaslığı ilə bağlı məqamlara diqqət edilməlidir. Məsələn, son zamanlar baş verən qadın cinayətləri, intihar halları ilə bağlı məlumat yayımlanan zaman mütləq diqqətli olmaq, həssas yanaşmaq lazımdır. Həmin xəbərin oxucu auditoriyası nəzərə alınmalıdır. Onlar arasında uşaqlar, gənclər var. Bu kimi xəbərlər onların psixologiyasına təsir edə bilər. Həmçinin, zorakılıq qurbanı olan insanlarla bağlı konfidensiallığa riayət edilməməsi problemi də yaşanır. Çünki zorakılıq qurbanı olan uşaq və gənclərin kimliyi normal olaraq yayımlanmamalıdır. Lakin təəssüf ki, azyaşlıların kimliyi üzə çıxarılır”.

O bildirib ki, bu mövzuda kommunikasiya stretagiyası olmalıdır:

“Əksər ölkələrdə özəl, qeyri-özəl, dövlət və qeyri hökumət təşkilatlarının hər birinin gender məsələsi ilə bağlı siyasət sənədi var. Orada nələri işıqlandırmaq olar, nələri olmaz, bunlara aydınlıq gətirilir. Təəssüf ki, bizdə bu prosesin hüquqi şəkildə qiymətləndirilməsi ilə bağlı mexanizm yoxdur. Hesab edirəm ki, ailə, qadın və uşaqlarla bağlı mövzularda pozitiv, uğurlu nümunələr önə çəkilməlidir. Azərbaycanda tarixən çox gözəl və ciddi ailə modelləri formalaşıb. Bunların daha çox gündəmə gətirilməsi, uğurlu qadın nümunələrinin paylaşılması, işıqlandırılması lazımdır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Ayşən Mustafa
Globalinfo.az