Bir il öncə Xankəndidə yaşanan möhtəşəm hadisə – “2003-cü ilin 15 oktyabrı olmasaydı…”

Bir il öncə Xankəndidə yaşanan möhtəşəm hadisə - “2003-cü ilin 15 oktyabrı olmasaydı...”

Bu gün – oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndiyə ilk səfərinin 1 ili tamam olur. O, həmin gün Ağdərədə, Xocalıda, Xankəndidə Azərbaycan bayrağını qaldırdı. Bununla da ölkə suverenliyinin bərpası rəsmiləşdi, fakta çevrildi.

Ötən 1 ilin regional, qlobal, eləcə də ölkədaxili təsirlərini necə oldu?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını göylərə yüksəltməsi mühüm tarixi hadisə idi:

“200 il əraziləri üzərində nəzarəti itirmiş Azərbaycanın iki yüz ildən sonra torpaqlarını öz yurisdiksiyasına qaytarması idi. Bunu hüquqi, dövlətçilik tarixi və tarix kontekstində mühüm hadisə kimi dəyərləndirməliyik. Məsələnin tarixiliyi bundan ibarətdir ki, bizdən asılı olmayan səbəblərdən və siyasi məsuliyyətin bizim nəslə aid olmadığı dövrdə ermənilər Qarabağa köçürülüb, məskunlaşdırılmışdı. Onlardan terrorçu təsisat yaradaraq Azərbaycan dövlətini daim təhdid altında saxlamağa çalışırdılar.
Digər tərəfdən dövlət suverenliyi, müasir beynəlxalq hüquq, Azərbaycan konstitusiyasının tələbləri baxımından olduqca əhəmiyyətli hadisə idi. Əgər dövlətin bir qarış ərazisi belə onun suveren hüquqlarının tətbiq olunması üçün uyğun deyilsə, o dövlət güclü sayılmır. Bu həm də Azərbaycan dövlətinin gücünün dünyaya göstərilməsi idi. Azərbaycan xalqının milli mənəvi baxımdan bir daha öz arzularına çatması hadisəsi idi. Biz Xankəndini illər boyu arzulamışıq”.

Bir il öncə Xankəndidə yaşanan möhtəşəm hadisə - “2003-cü ilin 15 oktyabrı olmasaydı...”

Hikmət Babaoğlu

Hikmət Babaoğlunun sözlərinə görə, Sovet dövründə hüquqi baxımdan Azərbaycana daxil olsa da Xankəndi separatçılıq yuvası idi:

“Bu, Azərbaycan xalqının milli mənəviyyatında, psixologiyasında , ruhunda dərin yaralar açırdı. Azərbaycan prezidenti 15 oktyabrda üçrəngli bayrağımızı Xankəndində ucaldaraq bu yaralarımıza məlhəm qoymuş oldu. Ötən bir il Azərbaycanın əldə etdiyi qələbəni əlində saxlaması baxımından çox vacib il oldu. Bu müddətdə ölkəmizə qarşı beynəlxalq təşkilatlar, islamafob qüvvələr, səlib yürüşlərindən başlamış ABŞ, Fransaya qədər Azərbaycana qarşı müxtəlif planların, təzyiqlərin hazırlandığının şahidi olmuşuq. Azərbaycan prezidenti bu bir il ərzində baş verən hadisələri nəzərə alaraq VII çağırış Milli Məclisin payız sessiyasının ilk plenar iclasındakı nitqində qeyd etdi ki, bizim suverenliyimizə olan münasibət dostlarımızı və düşmənlərimizi müəyyən etdi. Azərbaycan prezidentinin 2003-cü il oktyabrın 15-də prezident seçilməsi ilə 2023-cü il oktyabrın 15-də Xankəndiyə ilk səfəri arasında birbaşa əlaqə var. Əgər 2003-cü ilin 15 oktyabrı olmasa idi, 2023-cü ilin də 15 oktyabrı olmayacaqdı”.

Politoloq Ramiz Alıyev isə məsələyə belə münasibət bildirib:

“Prezidentin bu səfəri ərazi bütövlüyümüzün suverenliyini təsdiqlədi. Bu, Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir. Tariximizə qızıl hərflərlə yazıla biləcək bir hadisə idi. Azərbaycanın əsrlər öncə hər hansı müqavilələr, təxribatlarla torpaqlarının kəsilərək kimlərəsə verilirdi. Azərbaycan 200 il ərzində ilk dəfə öz ərazi bütövlüyünü bərpa edə bilirdi. Dünyada və ölkədə yaşayan Azərbaycan xalqı üçün mühüm əhəmiyyətə malik idi.
Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə igid əsgərlərimizin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edilib. Bu gün həmin torpaqlarda quruculuq-bərpa işləri aparılır. İkinci ən böyük sənaye parkı Ağdamda, üçüncüsü isə Cəbrayılda yerləşir”.

Bir il öncə Xankəndidə yaşanan möhtəşəm hadisə - “2003-cü ilin 15 oktyabrı olmasaydı...”

Ramiz Alıyev

Politoloqun sözlərinə görə, Kəlbəcərdə yeni zavodun bərpası, “İstisu”-nun istehsalı və dünyaya Azərbaycan brendi kimi təqdim olunması tarixi hadisədir:

“Xankəndidə Qarabağ Universitetinin açılması da nümunəvi addım idi. İşğaldan azad edilmiş ərazilərə böyük köç başlayıb. Artıq həmvətənlilərimiz öz ata-baba yurdlarına qayıdır. Bu bir il ərzində kifayət qədər böyük işlər görülüb. Ağdərədə yeni infrastruktur layihələri həyata keçirilib”.

Safura Bənnayeva
Globalinfo.az