BAXCP-dən Azərbaycan və Türkiyə hökumətlərinə çağırış

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Globalinfo.az bildirir ki, iclasda Ermənistanın bölgədənkənar qüvvələrin təhriki ilə davamlı sülhün əldə olunmasına, iqtisadi əməkdaşlığa, təhlükəsizliyə təhdid yaradan adddımları, kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı yaranmış vəziyyət müzakirə olunub. BAXCP hesab edir ki, Zəngəzur dəhlizi reallaşmayanadək, heç bir halda Ermənistanla kommunikasiyaların açılması istiqamətində addım atılmamalıdır. Partiya bununla bağlı Azərbaycan və Türkiyə hökumətlərinə də çağırış edib.

BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan və Türkiyə hökumətləri Zəngəzur dəhlizi reallaşmayanadək, Ermənistanla sərhədlərin açılmayacağı, iqtisadi əlaqələrin qurulmayacağı barədə birgə bəyanatla çıxış etməlidirlər. Ermənistanı və onun himayəçilərini birdəfəlik başa salmaq lazımdır ki, bu ölkənin yeganə çıxış yolu Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməkdən və işğal altında saxladığı, Azərbaycan Respublikasının suveren ərazisi olan 8 kənddən qoşunlarını geri çəkməkdən ibarətdir.